Azərbaycanda kəndlinin cibinə kim girir?
Azərbaycanda kəndlinin cibinə kim girir?

Sən demə, aqrar məhsula ödədiyimiz pulun yalnız 25%-i kəndliyə çatırmış

"İndi bazarda ən bərk gedən mal pomidordur, gündüz saat 3-ə neçə maşın mal gətirsən, hamısını əritmək olar", - bunu Bakının Qaradağ rayonunda yerləşən iri meyvə bazarında işləyən gənc satıcı söyləyir. "İndi Bərdədə kəndlilər pomidorun qiymətini 20 qəpikdən verirlər, burda isə topdan 45 qəpikdən satmaq olar", - deyən gənc dəqiqləşdirir: "Malı buradan alan dükanlar da qiyməti iki dəfədən çox qaldırırlar və malı seçib kiloqramı 80 qəpiklə 1 manat 20 qəpik arasında satırlar". Beləliklə, qəribə mənzərə alınır - şəhər camaatının pomidorun kiloqramı üçün ödədiyi 1 manatın yalnız 20 qəpiyi onu becərən kəndliyə çatır.

10 qəpiklik Qazax
əriyi Bakıda necə
1 manat olub?

ans press-in araşdırmasına görə, Bakı bazarlarına gətirilən digər meyvə-tərəvəz məhsulları ilə bağlı vəziyyət isə daha acınacaqlıdır. Məsələn, Qazaxda mövsüm zamanı kəndlilər əriyin kiloqramını 10 qəpikdən satırmışlar ki, həmin günlərdə Bakı bazarlarında qiymət 0,7-1 manat arasında dəyişirdi.
Qazax camaatı hətta həmin qiymətə belə məhsulu sata bilməyib. Adamlar məcbur olublar ki, qalan əriyi çənlərə dolduraraq qıcqırdıb araq çəksinlər. "Bizdə bu il ağaclarda o qədər meyvə vardı ki, üzərində 300 kiloqram ərik olan ağacı alverçilərə 10 manata satırdıq, bir az balaca ağacları isə 5 manata verdik, yəni kiloqramı 3 qəpiyə düşürdü", - deyən kəndlilər söhbət zamanı Bakıda əriyin qiymətinin 1 manatın ətrafında dəyişməsinə heyrətlərini gizlətmirlər: "Burdan əriyin kiloqramını lap 10 qəpikdən alsınlar, kiloqramına 10 qəpik də yola gedir, qoy onlar da satsın 30 qəpikdən, amma Bakıda mövsüm zamanı 70 qəpikdən aşağı qiymətə ərik satılmayıb".
Eyni sözləri regionlarda kiloqramı 10 qəpikdən topdan satılan alma, 30 qəpikdən satılan şaftalı barədə də demək olar ki, onlar da Bakıda ən azı 4-5 dəfə baha qiymətə satılır.

Problemin iki səbəbi

Araşdırmalarımız bu problemin iki mənbədən qaynaqlandığını ortaya çıxarıb. Birinci səbəb rayonlardan gələn məhsulun əldən ələ keçməsidir.
Məsələn, pomidor Bərdədəki sahədən Bakının hər hansı bir mağazasına və ya bazarına gəlib çıxana kimi bir neçə dəfə satılır. Adətən bu, belə olur: kəndlidən malı orta hesabla 1,2 ton yük tutan "QAZel"lər alır - alverçi də mala təxminən 200 manat verir, 30-40 manata yaxın da Bakıya qədər yolun yanacaq pulu və yolda ödənilən digər qeyri-rəsmi xərclər aparır. "QAZel" 6 saata yaxın yol gəldikdən sonra özünü Bakıda topdansatış bazarına çatdırır və bu zaman bazarda qərarlaşmış alverçilər işə düşür. Onlar, əslində, "QAZel" üçün çox əlverişli təklif edilir: "Məhsula və yola xərclədiyin pulun üzərinə bir 50-60 manat da qoyub sənə veririk, malı topdan bizə sat". Alverçi də təbii ki, 60-70 manat xalis gəlirlə razılaşır, 300 manatını alır və təbii ki, rayona boş qaytmır. Yerli dükanlarında aldığı siyahı əsasında yaxınlıqdakı topdansatış bazalarından yükünü tutur, əlavə 50-60 manat da həmin məhsulları rayona daşımaqdan qazanır.
Bərdə pomidorunun kiloqramın təxminən 25 qəpiyə ələ keçirən topdan alverçi və ya alverçi qrupu topdansatış qiymətlərini 60-70% qaldırır və şəhərdən gələn dükan sahiblərinə malın kiloqramını 40-45 qəpiyə verirlər. Bir neçə saat ərzində baş verən bu alverdən qazancları 100-150 manat olur. Bazarda göstərdikləri bu fəaliyyətə görə yer haqqı isə 5-10 manat arasında dəyişir. Şəhər dükanları isə qiymət qaldırma məsələsində rekord nümayiş etdirirlər - onlar pərakandə satış qiymətini iki dəfə artırırlar. Məsələn, Qaradağ rayonundakı meyvə bazarından 30 manat verib 2 yeşik pomidor almış dükan sahibi ondan ən azı 65 manat çıxarmağı qarşısına məqsəd qoyur. "Bunun 15 manata qədərin maşına verirəm, mənə qalan 20 manat olur. Ona görə də pomidoru 80 qəpikdən ucuz sata bilmərəm. Min şükür, iki günə rahat satılır, xarabı çıxmır. Özüm də qazanıram, üstəlik qonşunun oğluna da maşınına görə günaşırı 15 manat qazandırıram", - deyə Bakının Badamdar qəsəbəsində kiçik ərzaq dükanı işlədən gənc ticarət sirlərini bölüşür.

Alverçilərin sayının
azalması nəyə
gətirib çıxardı?

Məhsulun qiymətinin yuxarı marjada saxlanması regionlardan Bakıya mal daşıyan alverçilərin sayının da azlığı ilə bağlıdır.
Araşdırmamıza görə, hazırda Bakı və Abşeron ilə rayonlar arasında bu əlaqəni 1000-ə yaxın "QAZel" tipli avtomobil həyata keçirir. Onlar da şəhərin əksər məhsullara tələbatını tam həyata keçirə bilmirlər. Məsələn, pomidor mövsümündə Bakı ailələrindən gün ərzində 1 kiloqrama yaxın pomidor yeyilir və meqapolisdə yaşayan 1 milyona yaxın ailənin nəzərə alındıqda bu min tona yaxın pomidor deməkdir. Bu, şəhəri təchiz edən 1000-ə yaxın "QAZel" tipli yük maşınlarının toplam yükgötürməsidir.
Amma onlar rayonlardan Bakıya yalnız pomidor daşımırlar və nəticədə şəhər əhalisi pomidora tələbi lazımi səviyyədə təmin edilə bilmir. Həmçinin bol məhsul yetişdirən rayon camaatının təklif etdiyi mal satılmamış qalır. Keçən il avqustda Qazax, Xaçmaz və Lənkəranda vəziyyət elə kəskinləşmişdi ki, kəndlilər pomidorun kiloqramını 5 qəpikdən təklif edirdilər.

Onlar kəndlidən
çox qazanırlar

İndi Azərbaycanda elə şərait yaranıb ki, mal daşıyanlar və bazarda oturub alverini edənlər kəndlidən daha çox qazanırlar. Yenə apardığımız araşdırmaya görə, şəhər camaatının meyvə-tərəvəz məhsulları üçün ödədiyi pulun 10-25%-i kəndliyə, 5-15%-i nəqliyyatçılara, 20%-i topdansatış ticarətinə, 50%-i isə pərakəndə satış ticarətinə çatır.
Göründüyü kimi, ticarət pulun 70%-ni götürür. Bu məsələdə ən çox uduzan aylarla məhsula zəhmət çəkib becərən kənd camaatı olur ki, bu da onların əlinin işdən soyumasına gətirir. Son illərdə Bakının və digər iri şəhərlərin pərakəndə satış bazarlarında Türkiyə və İran mallarının üstünlük təşkil edilməsinin sirri də bundadır.
Beləliklə, vəziyyət çox acınacaqlıdır və Azərbaycan kəndinin inkişafına yönəldilə biləcək pullar ölkədən xaricə axır, regionlarda isə məhsul istehsalı ildən ilə azalır. Amma vəziyyəti diqqətlə araşdıran Kənd Təssərüfatı Nazirliyinin (KTN) təmsilçiləri problemi həll etməyi mümkün sayır.
Nazirliyin nəzdində yerləşən Elmi-Tədqiqat Əkinçilik İnstitunun rəhbəri, fəlsəfə doktoru Cavanşir Talainin fikrincə, alverçilərlə yanaşı regionlardan məhsulların xüsusi tədarük şəbəkəsi vasitəsi ilə də daşınması vacibdir. Alimin sözlərinə görə, sovet keçmişindən bizə tanış olan bu sistem inkişaf etmiş ölkələrdə geniş yayılıb: "Tədarük şəbəkəsi adətən kəndlidən 1 manata aldığı məshulu istehlakçıya 1 manat 25 qəpiyə satır. O, fermerlərə müəyyən sifarişlər də verə bilir ki, kəndli daha çox nəyə ehtiyacın olduğunu müəyyənləşdirsin. Tədarük şəbəkəsi həm də yerli bazarda məhsula ehtiyac olmadıqda, onu xaricə çıxara bilər. Son illər bizdə kəndlilər bəzən o qədər bol məhsul yetişdirirlər ki, hətta ucuz qiymətə belə sata bilmirlər. Keçən il soğanı sata bilmirdilər, bu il də kartofu", - deyə Cavanşir Talai vurğulayır.
Qeyd edək ki, tədarük şəbəkələri qərbdə kənd təsərrüfatı istehsalının rentabelli səviyyədə saxlanmasında xüsusi rol oynayır. Məsələn, Danimarkada aqrar məhsulların 70%-i xüsusi tədarük koperativləri tərəfindən satılır. Bu koperativlərin yaradıcısı fermer təsərrüfatlarıdır və onların fəaliyyəti dövlət tərəfindən nəzarətdə saxlanır.

Rəsmi qurum nə deyir?

KTN mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev Azərbaycanda tədarük şəbəkəsinin həm özəl, həm də dövlət mülkiyyətində ola biləcəyini bildirir: "İri tədarük şirkətləri yaranmaldır ki, kənddə becərilən məhsulları şəhər çatdıra bilsin. İndi bazarda fəaliyyət göstərən xırda tədarükçülər (alverçilər) bu işin öhdəsindən tam gələ bilmirlər. Tədarük şəbəkəsi məhsulu istehlakçıya kəndlidən aldığı qiymətin üzərinə 25% qoymaqla satacaq. Yəni istehlakçının ödədiyi pulun 80%-i kəndliyə çatacaq. Başqa cür ola bilməz, dünya praktikasında bu belədir. Biz bu barədə təkliflərimizi lazımi ünvanlara yönəltmişik - yarancaq tədarük şirkətləri dövlətə də, özəl mülkiyyətə də məxsus ola bilər, payçı kimi hər ikisi də çıxış edə bilər. Amma istənilən halda, onların üzərində dövlət nəzarəti olmalıdır", - deyə KTN təmsilçisi vurğulayır.

Çingiz Rüstəmov