ABŞ-ın 35-ci prezidenti Con Kennedinin 1963 ildə qətli ilə bağlı daha 700-ə yaxın sənəd dərc edilib.

"İnterfaks agentliyinin verdiyi xəbərə görə, əvvəllər məxfi olan sənədlər ABŞ Milli Arxivinin saytında dərc olunub.

Sənədlərin əksəriyyətini Mərkəzi Kəşfiyyat İdarəsi təqdim edib. Digər sənədlər Ədliyyə Nazirliyi, Pentaqon və qətllə əlaqədar yaradılmış Nümayəndələr Palatasının xüsusi komissiyasına aiddir. Onların arasında qətli törədən Li Harvi Osvaldın Rusiyanın Mexikodakı səfirliyi ilə apardığı telefon danışığının səs yazısı da var.

Yeri gəlmişkən, virtualaz.org bildirir ki, cümə günü dərc olunan arxiv sənədlərində Harvi Osvaldın Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə əlaqəli olmadığı vurğulanıb.

MKİ-nin 1975-ci il tarixli memorandumunda Osvaldın idarə ilə əlaqəsinin olmasına dair şayiələr "tamamilə əsassız" adlandırılıb.

Bu qənaət MKİ-nin 70-ci illər arxivlərinin ətraflı öyrənilməsi nəticəsində əldə olunub. MKİ həmçinin Osvaldın Amerikanın hər hansı bir digər xüsusi xidmət orqanı ilə əməkdaşlığına dair də dəlil tapmayıb.

Xatırladaq ki, iyulun 24-dən etibarən ABŞ Milli Arxivi Con Kennedinin qətli ilə bağlı sənədləri dərc edir. 2018-ci ilin aprelinədək daha bir neçə min sənədin dərc olunacağı nəzərdə tutulub.

ABŞ prezidenti Donald Tramp bundan əvvəl cəmiyyətin qətllə bağlı daha dolğun məlumatlandırılmalı olduğunu bildirmişdi. Bununla belə, D.Tramp milli təhlükəsizlik baxımından mətnlərin müvafiq qurumlar tərəfindən redaktə olunacağını istisna etməyib.