"Əsrlər boyu öz milli, dini, irqi mənsubiyyətindən asılı olmayaraq insanların harmoniya və tolerantlıq ənənələrində yaşadığı Azərbaycanda 2016-cı ilin multikulturalizm ili elan edilməsi ümumibəşəri dəyərlərə sadiqliyimizi bir daha göstərdi".

Bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində Biznes simpoziumun açılışı zamanı Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Nazir qeyd edib ki, inkluziv cəmiyyətin formalaşdırılması cəmiyyət qarşısında duran ən böyük çağırışlardandır: "Son illər dünyada gedən proseslər, tolerantlıq ənənələrinin sarsılmaz hesab edildiyi bəzi ölkələrdə baş verən hadisələr məsələnin aktuallığını daha da artırır. Buna görə bu gün işə başlayan biznes simpozium üçün inkluziv cəmiyyətdə özəl biznesin rolu və məsuliyyəti seçilmişdir. Məlum olduğu kimi inkluzivlik, yoxsullar, fiziki və əqli cəhətdən qüsurlu şəxslər, qaçqınlar və köçkünlər, məhkumlar və cəmiyyətin digər həssas qrupları üçün gəlir əldə etmək imkanlarının yaradılması, onların maddi nemətlər əldə etməsi və onlardan yararlanmaq imkanlarının artırılmasını, başqa sözlə rifahın təmin edilməsini nəzərdə tutur. İnkluziv cəmiyyətlərin formalaşmasında ən böyük pay özəl biznesin hesabına düşür. Dünya ölkələrində cəmiyyətin inkluzivliyini təmin etmək üçün bir sıra müxtəlif inkişaf və sosial yönümlü layihələr icra olunur. Belə layihələrə misal olaraq yoxsulluq səviyyəsinin nisbətən yüksək olduğu regionlarda iş yerlərinin yaradılmasını təmin edən investisiya layihələrinin icrası, fiziki və əqli cəhətdən qüsurlu şəxslərin cəmiyyətin üzvü kimi təhsil hüququ əldə etməsi və işlə təmin olunması, gender tarazlığının formalaşması, dini, irqi fərqlərindən asılı olmayaraq bütün vətəndaşlara bərabər imkanların yaradılmasına yönəlmiş layihələri qeyd etmək olar".

Nazir qeyd edib ki, inkluziv cəmiyyətin formalaşması baxımından bir sıra ölkələrin üzləşdiyi əsas çağırışlardan biri qaçqın və miqrantların məskunlaşdığı məkanların cəmiyyətin bir parçasına çevrilməsinin, öz vətənlərini tərk etmək məcburiyyətində olan şəxslərin cəmiyyətin tam hüquqlu üzvləri kimi qəbul edilməsini və onların elmi, iqtisadi və yaradıcılıq potensillarının tam həcmdə reallaşdırmasını təmin etməkdir. 
"Bu gün Cənubi Qafqaz regionun inkişafında ən böyük maneə olan Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində ərazilərinin 20 faizi Ermənistan tərəfindən işğal olunan və bir milyondan çox qaçqını normal həyat şəraiti ilə təmin etmək vəzifəsi ilə üzləşmiş Azərbaycan bu problemin nə qədər ağır olduğunu və onun həllinə nə qədər səylərin tələb olunduğunu aydın anlayır. 

Ölkədə sadəcə iqtisadi artım deyil, cəmiyyətin bütün üzvlərinin iqtisadi rifahı vacibdir. Bu sahədə özəl sektorun da xüsusi rolu var. Yoxsulluğun aradan qaldırılması üçün özəl sektorun yaratdığı iş yerlərinin rolu danılmazdır.

Ölkəmiz bu işə böyük vəsaitlər yönəltməklə bərabər beynəlxalq təşkilatlarla da bu sahədə əməkdaşlıq edir. Yeri gəlmişkən, BMT strukturlarının dəstəyi ilə Azərbaycanda inkluziv cəmiyyətin formalaşması və qaçqın və məcbui köşkünlərin, əlil və qadınların və digər həssas qrupların rifahının yüksəldilməsinə yönələn layihələr icra olunub".

Ş. Mustafayev qeyd edib ki, beynəlxalq yardım proqramları da biznes mühitinin inkişafına şərait yaratmalıdır: "Son 10 ildə bizim ölkədə 1,5 milyon iş yeri açılıb. İşsizlik 5 faiz, yoxsulluq isə 8 dəfə azalıb. Layihələr yoxsul təbəqənin əməyə daha çox cəlb edilməsi, aşağı ixtisaslı iş yerlərini açılması, peşə təhsilinin inkişafına yönəlməlidir".