Bakıda bağça müdirinin otağından 1750 manat pul oğurlayan şəxs saxlanılıb.

Unikal.org xezerxeber.az-a istinadən bildirir ki, hadisə noyabrın 2-i saat 3 radələrində paytaxtın Nəsimi rayonu Asif Məhərrəmov küçəsində 96 saylı körplər evi- uşaq bağçasında baş verib. Bağçadan polisə məlumat verilib ki, bağçanın müdiri Rühəngiz Qurbanovanın otağının pəncərəsini qıran şəxs oradakı seyfdən 1750 manat pul oğurlayıb. Əməliyyat-axtarış tədbirlərinə başlayan polis şübhəli şəxs kimi Bakı şəhər sakini, əvvəllər məhkum olunan Ceyhun Abdinovu saxlayıb.
Onun üzərinə baxış zamanı 1726 manat pul və 8 ədəd seyf açarı aşkar edilərək maddi sübut kimi götürülüb. Faktla bağlı Nəsimi rayon polis idarəsində cinayət işi başlanılıb.
Abşeron polisi isə rayonun Hökməli, Atyalı və Qobu qəsəbələrində yeni tikilən evlərdən oğurluq etməkdə şübhəli bilinən ''Cücə'' ləqəbli Sabir Xəlilovu saxlayıb. Polisdən verilən məlumata görə, Sabir Xəlilov yeni tikilən evlərdən əsasən kabel, santexnika avadanlıqları, ustalara məxsus alətlər oğurlamaqla 15-ə yaxın şəxsə ziyan vurub. Dindirilmə zamanı Sabir Xəlilov bildirib ki, bir neçə ildir narkotik maddə istifadəçisidir. Elə həmin zəhərli maddəyə olan təlabatını ödəmək üçün də oğurluq edir.

Faktla bağlı Sabir Xəlilov barəsində Abşeron rayon polis idarəsində oğurluq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanıb, istintaq zərərçəkmişlərin sayını dəqiqləşdirir.