Bakıda istirahət qiymətləri od tutub yanır
Bakıda istirahət qiymətləri od tutub yanır

Azərbaycan paytaxtında ən gözəl əyləncə məkanı elə evdir

İsti, cansıxıcı yay günündən və uzun iş saatından sonra istirahət etmək yerinə düşərdi. Belə anlarda insanların üz tutduqları əsas yerlərdən biri də əyləncə məkanlarıdır. Paytaxt Bakıda fəaliyyət göstərən kifayət qədər belə yerlərə rast gəlmək mümkündür.

Günəşin batmağına az qalmış insanların cəm olduğu əsas məkan sözsüz ki, Milli Parkdır. Orada günün istənilən vaxtında qocaya, cavana, uşağa, qadına, kasıba, varlıya rast gəlirsən. Pul xərcləməsən yaxşı dincəlmək və əylənmək olar. Milli Park uşaqların ən sevdiyi məkandır. Gəl ki, sayı 20-30-dan çox, müxtəlif çeşidlərdə olan karusellər səhərdən axşamadək 5-10 nəfəri güclə fırlayır. Səbəbi yenə də qiymətlərin baha olmasıdır.
Valideyn üst-üstə uşağına dondurma, sərin su almağa və müxtəlif əyləncə vasitələrindən istifadəyə pul xərcləyə bilmir. Bulvarda fəaliyyət göstərən "3D Cinema"da 30 dəqiqəlik film 10-15 Azn çevrəsindədir. Evdən gətirmiş olduğun şahmat, nərd və dominonu oynamaq isə pulsuz başa gəlir. Ən yaxşısı çirkli Xəzər sularının "təmiz" havasından udaraq bir sağ, bir sola tur atmaqdır.
"Park Bulvar"
azərbaycanlıların
cibinə görə deyil

Bu cür gəzintilərdən sonra "Park Bulvar"a baş çəkmək məsləhət deyil. Çünki, ən azından bunun üçün gərək oliqarx olasan. Pulun varsa qiyməti 5 manatdan başlayan balaca dondurma yeyə bilərsən. Təkcə burada "Playstation-3" oynamq üçün gərək 1 saatına 6 manat ödəyəsən.
Alış-veriş etməyə ümumiyyətlə adamın əli cibinə getmir. Kiçicik olan bu şeyləri diqqətə çatdırmaqda məqsəd böyük əyləncə vasitələrinin hansı qiymətlərlə gerçəkləşdirmək istəyini təsəvvürlərdə yaratmaqdır. Yəni ki, pulun varsa istirahət etmək üçün pis məkan deyil. Məkanda pulsuz olan iki şeydən biri hava udmaqdır. Biri də istəklərini dərin "ahla" içinə çəkmək. Burada normal istirahət etməyə görə 400-700 manat pul xərcləmək lazımdır. Bu da orta hesabla adi fəhlə qazancının yarısı deməkdir.
Sözsüz ki, Bakı sakinlərinin bulvarda çoxluq təşkil etməsinin də bir səbəbi var. "Park Bulvar" misalında oradakı sakinlər arasında kiçik sorğu apardıq. Niyə istirahət etmək və əylənmək üçün məhz bu məkanı seçdiklərini soruşduq. Və araşdırmanın nəticəsində məlum oldu ki, başqa əyləncə məkanlarında başının tozunu silkələməyə görə gərək ən azından pulları ciblərindən su kimi axıdasan. Buna isə imkan əl vermir.
"Geriyə dön, irəli
addımla marş!"

Danışıq kartını mobil nömrəyə yükləyərkən şifrənin bir nömrəsi səhv gedəndə operatorun: "Daxil etdiyiniz şifrə yanlışdır" sözlərinə gündəlik həyatımızda ara-sıra rast gəlirik. Bakıda fəaliyyət göstərən əyləncə məkanlarına pulsuz getmək də bu cürdür. Əgər cibin boşdursa mühafizəçilər səni obyektin həndəvərindən belə qovacaqlar.
"Bakı Əyləncə Mərkəzi", "Crescent Beach Hotel", "Aqua Park ailəvi istirahət mərkəzi" kimi istirahət və əyləncəli məkanlara giriş 10 manatdır. Qaldı ki burada da əylənmək üçün yenə də maneəyə rast gələcəksən. Belə yerlərdə uşaqlar üçün klounların və böyüklər üçün məşhur müğənnilərin iştirak etməsi qiymətləri bir qədər də artırmış olur. Menyuda olan yemək çeşidlərinin çoxunun Avropaya aid olması bahaçılığa öz təsirini göstərir. Uşaqların asudə vaxt keçirməsi üçün nəzərdə tutulmuş əyləncə vasitələri də hesaba daxildir.
Bundan başqa azyaşlılar üçün nəzərdə tutulmuş "Casper Uşaq aləmi", "Koala Park" və "Luna Park" əyləncə məkanlarında yüksək qiymətlər sakinləri narazı salır. Yarım saatlıq əyləncələr 10-20 manatdır. Çox vaxt belə yerlərə üz tutan valideynlər çox pul xərc etmək məcburiyyətində qalırlar. Paytaxt sakinlərinin əksəri isə günün istənilən vaxtı və demək olar ki, bütün yay fəsli boyunca evdən kənara çıxmırlar. Ən yaxşı halda evlərinin qarşısındakı skamyalarda söhbət etməklə dincəlirlər. İstədiyin kimi istirahət etmək, əylənmək üçün gərək bir əlin cibində olsun. Necə ki, elə ən əla isirahət, əyləncə məkanı elə insanın öz evidir. Belə də ki, pulun varsa əylən, yoxdursa deyəcəklər: "Geriyə dön, irəli addımla marş!"

Mənsur Cəfərov