Üçqat Avropa çempionu olmuş Azərbaycan şahmatçıları vətənə qayıdıb.

Unikal.org xəbər verir ki, Çempionları qarşılaşmaq üçün Heydər Əliyev Beynəlxalq Aeroportuna xeyli sayda adam toplaşıb. Onları Azərbaycan Şahmat Federasiyasının rəsmiləri,  KİV nümayəndələri, həmçinin yaxın qohumları qarşılayıblar.

Jurnalsitlərin suallarını cavablayan Azərbaycan yığmasının kapitanı Eltac Səfərli qələbədən danışıb:

"Çempionluqlar hamısı şirindir. Onları müqayisə etmək düzgün deyil. Çünki biz 2009 və 2013-cü ildə birinci olanda da çox sevinmişdik. Bu, hamımızın, bütün Azərbaycanın qələbəsidir.

Üçüncü çempionluq münasibəti ilə hər kəsi təbrik etmək istəyirəm. Qeyd etmək istərdim ki, son 6 Avropa çempionatında 5 medal qazanmışıq. Onlardan biri bürünc, biri gümüş, üçü isə qızıl medaldır. Ümumiyyətlə, Yunanıstanda baş tutan Avropa çempionatı Azərbaycan üçün çox uğurlu alındı. 2007-ci ildə də medal qazanmışdıq. On il sonra birinci yeri tutduq. Onu da deyim ki, 15 il əvvəl həmin Krit adasında dünya çempionu olmuşdum. Bu dəfə həmin zalda olan zaman xatirələr də yadıma düşdü. İlk turdakı məğlubiyyətimizə baxmayaraq, çempion olacağımıza inanırdıq. Çalışdıq, əlimizdən gələni etdik və birinci yeri tutduq". 

Azərbaycan Şahmat Federasiyasının I vitse-prezidenti Faiq Həsənov Yunanıstanın Krit adasında üçqat Avropa çempionu olan milli komandanın nailiyyəti barədə danışıb:

"Çempionata çox uğursuz başlamışdıq. Lakin bu, yarışın belə də qurtaracağı demək deyildi. Uşaqlar qarşılarına məqsəd qoymuşdular ki, nəticələri öz əmsallarından aşağı olmasın. İlk məğlubiyyət şahmatçılarımızı ruhdan salmadı. Əksinə, daha da güc verdi. Həmin günlərdə "Qarabağ da Çempionlar Liqasında çox gözəl oyun göstərdi. Madriddəki nəticə uşaqları ruhlandırdı. Ertəsi gün şahmatçılarımız Ermənistan yığmasına qalib gəldilər. Dönüş buradan yarandı. Hələ bizim belə güclü komandamız olmamışdı. Artıq inam var idi ki, mütləq medal qazanacağıq. Son 5 turda komandamız qalib gələndən sonra bildirdik ki, çempion olacağıq. Sonuncu görüş elə də böyük əhəmiyyət kəsb etmirdi. Uşaqlar çox rahat oynadılar. Bizi heç-heçə də qane edirdi. 

Qeyd edək ki, Azərbaycan yığması Yunanıstanın Krit adasında keçirilən Avropa komanda çempionatında sonuncu turda Ukrayna ilə 2:2 hesablı heç-heçə edib. Rusiya isə Almaniyaya qalib gəlib - 3:1. Nəticədə Rusiya da 14 xalla ilk pilləyə şərik çıxıb. Lakin əlavə göstəricilərdə Azərbaycan komandası daha üstün olduğu üçün qitə çempionu elan edilib. İkinci yeri Rusiya, 3-cü yeri isə Ukrayna tutub.

Azərbaycan yığması daha əvvəl 2009 və 2013-cü illərdə Avropa çempionu olub.