Noyabrın 9-da Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə ABŞ Prezidenti Donald Trampın görüşündən sonra iki ölkə arasında daha bir neçə sənəd imzalanıb.

Unikal.org azertac-a istinadən xəbər verir ki, dövlət başçılarının iştirakı ilə keçirilən imzalanma mərasimində ümumi dəyəri 244,9 milyard ABŞ dolları məbləğində olan biznes müqavilələri imzalanıb. Beləliklə, Donald Trampın Çinə ilk rəsmi səfəri çərçivəsində son iki gündə imzalanmış müqavilələrin ümumi dəyəri Çin-ABŞ ticarət münasibətlərində rekord həddə - 253,9 milyard dollara çatıb.

Razılaşmalar arasında ən dəyərlisi Çin Neft və Kimya Korporasiyasının ABŞ şirkəti ilə birgə Alyaskada təbii qaz yataqlarının işlənilməsinə dair 43 milyard dollarlıq müqavilədir. Bundan başqa, Çin istehsalı olan "Xiaomi, "Oppo, "Vivo mobil telefonları üçün ABŞ-ın "Qualcomm şirkətindən çip alınması, habelə "Boeing təyyarələrinin və "Telsa avtomobillərinin Çinə satışı ilə bağlıdır.

Qeyd edək ki, üçgünlük Çin səfərində Donald Trampı ABŞ-ın enerji, sənaye, texnologiya, maliyyə xidmətləri və kənd təsərrüfatı sahələri üzrə 20 qabaqcıl şirkətinin rəhbərləri müşayiət edir.