Qazaxıstanın ağır atletika üzrə olimpiya çempionu Nicat Rəhimov uzun müddətdən sonra vətənə gəlib. Bu gün Bakıda olan idmançının ilk işi ümummilli lider Heydər Əliyev məzarını ziyarət etmək olub.

Ümumilli liderin məzarı üstə gül dəstələri düzən Nicat Rəhimov Unikal.org-a müsahibə verib. O, müsahibəsində yeni təyin olunduğu vəzifədən və oradakı məşqlərindən danışıb.

- Bakıya düşəndə hansı hissləri keçirdiniz?

- Təyyarədən düşəndə gözlərim doldu. Haradasa, 4 il və ya daha çoxdur ki, vətənimdən uzaqdayam. Havası mənə çox yaxşı təsir etdi. Təbii ki, vətənim üçün çox darıxmışdım. Uşaqlığım burada keçib. 21 yaşıma qədər burada olmuşam.

Azərbaycandan gedişim də idmanımla bağlı oldu. Başqa məşqçi gətirdilər. Onunla da anlaşa bilmədik və başqa ölkəyə üz tutmalı oldum. Səbəb də idman karyeram idi.

- Azərbaycana gəlməyiniz uzun çəkdi. Yəni 4 illik ayrılığın əsas səbəbi nə idi?

- Təbii ki, məşqlərə görə... Çünki məşqlərim çoxdur və qarşımda da olimpiya çempionu olmaq kimi bir hədəfim vardı.

- Keçmiş komanda yoldaşlarınızla görüşmək fikriniz var?

- Demək olar hamısıyla əvvəlcədən əlaqəm var. Sosial şəbəkələr vasitəsiylə yazışıb, vaxt olduqca telefonla danışırıq. Əlbəttə, görüşəcəm.

- Bu barədə atanız Əli müəllim də danışıb, münasibət bildirib. Sizdən də cavab almaq istərdik. Qazaxıstana gedəndən sonra çox söz-söhbətlər yayıldı. Gah saqqala görə vəhabi dedilər, gah da başqa sözlər...

- Bilmədilər nə səhv tutsunlar. Ona görə də, gah vəhabi olduğumu, gah da haqqımda yalnış sözlər danışırdılar. Mənim saqqalım həmişə olub. Ürəyim istədiyi zaman saqqalımı qırxmışam, istədiyim zaman da saxlamışam. Bunun heç nəyə aidiyyatı yoxdur. İnsan nə istəyir onu edə bilər. Mən idmanımla məşğulam qarşımda hədəflərim var. Haqqımda danışanlar özlərini yaxşı çıxarmaq üçün bilmədilər nə desinlər, belə fikirlər ortaya atdılar.

-Getməyinizə sevinirsiniz? Yoxsa burada qalsaydınız da eyni uğura imza atardınız?

- İdmanım üçün getməyim yaxşı idi. Burada qalsaydım olimpiya çempionu ola bilməzdim. Çünki burada ağır atletika heç də güclü deyil, bir o qədər inkişaf etməyib. Əlbəttə ki, Azərbaycanda qalsaydım olimpiya çempionu ola bilməzdim. Qazaxıstanda ağırlıq qaldırma çox inkişaf edib.

- Azərbaycanda ağır atletka göz qabağındadır. Çox problemlər var. Sizcə bu yaxın ərəfələrdə düzələ bilərmi?

- Elə mən də bu problemlərə görə getdim. Mən gedəndə də vəziyyət belə idi. Yaxın zamanlarda düzələcəyini gözləmirəm. Düşünmürəm ki, bir neçə idə ağırlıq qaldırma inkişaf etsin.

- Sizə yeni vəzifə verildi. Məşqlərlə birlikdə bu vəzifəni də icra etmək sizə çətinlik yaratmır?

-Təbii ki, güzəştlər var. Qarşıda yarış olarsa bizə müəyyən güzəştlər olunur.

- İkiqat olimpiya çempionu titulunu qazanacağınıza inanırsınız?

- Təbii ki, hədəfim odur. Amma heç kim deyə bilməz ki, sabah nə olacaq.

- Yenidən Azərbaycana gəlməyi düşünürsüz?

- Bir işim var onun dalınca getməliyəm. Amma tez qayıdacam. Çünki yeni ildə yenidən vətəndə olacam.

- Bakıya gələrkən ilk işiniz ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmək olub.

- Mən Qazaxıstana gedərkən ən böyük arzum ölkəmə olimpiya çempionu olaraq qayıtmaq idi. Bunu bacardım. Söz vermişdim ki, olimpiya çempionu olarsam vətənə gedəndə ilk işim ümummilli lider Heydər Əliiyevin məzarını ziyarət edəcəm. Ulu öndər hər zaman idmançıların dayağı olmuşdu. Bu gün cənab prezident İlham Əliyev onun siyasətini layiqincə davam etdirir. Ali baş komandan hər zaman idmançılara dayaq olub.

Mən ölkəmdən küsüb getməmişəm, federasiyadakı problemlərə görə Qazaxıstana üz tutdum. Ölkəmi, himnimi, millətimi sevirəm.

Cənab prezident Qarabağ üçün göstəriş verərsə silahlanıb, öndə gedənlərdən biri də mən olaram.

Aygün İlqarqızı