Rusiya ilə İran arasında yeni alver
Rusiya ilə İran arasında yeni alver

Moskva "S-300"ün əvəzini "MiQ-29" ilə ödəyir?

İranda mülki və hərbi təyyarələr tez-tez qəza ya uğrayır. Qəzaya uğrayan mülki təyyarələrin çoxu Rusiyada istehsal olunanlardır. Ötənlərdə ölkənin uyğun qurumlarının təmsilçiləri Rusiyanın "hava maşınlarından" imtina edilməsinin vacibliyini bildirmişdi.

Vəziyyətdən çıxmaq üçün İslam Respublikası öz yerli sərnişin təyyarələrini istehsal etmək niyyətindədir.
İran informasiya vasitələrinin məlumatına görə, Əmir Kəbir adına Tehran Politexnik Universitetinin rektoru Əlirza Rahai bu haqda açıqlama verib. Onun sözlərinə görə, iranlı mütəxəssislər artıq 150 yerli təyyarənin texniki-iqtisadi göstəricilərini araşdırıb. Layihə istehsal mərhələsindədir. Rektor bildirib ki, 2021-ci ildə ölkənin 600 sərnişin təyyarəyə ehtiyacı olacaq, bununsa 270-i 100-150 yerli olmalıdır.
Ə.Rahai əlavə edib ki, bu irihəcmli layihədə Politexniki Universiteti ilə yanaşı, İran Elmi-Texniki Universiteti, Elmi-Texnoloji Parkının da mütəxəssisləri iştirak edəcək.
Xatırladaq ki, 10 ilə yaxındır ABŞ müttəfiqlərinə də İrana təyyarə, onun ehtiyat hissələrini satmağı qadağan edib. Belə bir durumda İran təhlükəsizlik baxımdan standartlara cavab verməyən mülki və hərbi təyyarələri, onların ehtiyat hissələrini düzəltməyə çalışır. Ona görə də həmin təyyarələrin tez-tez qəzaya uğradığına dair xəbərlər yayılır. Başqa sözlə, Tehran hakimiyyəti bu sayaq "elmi-texnoloji uğurlarını" qəzalar edə-edə sınaqdan çıxarır.
Belə "başarılardan" biri haqda "Fars" xəbər agentliyi məlumat yayıb. Həmin xəbərə əsasən, iranlı mütəxəssislər 12 ildən sonra Rusiyada istehsal olunan "MiQ-29" bombardmançı qırıcı təyyarəsinin oxşarı üzərində işi "uğurla tamamlayıblar". Mənbənin bildirdiyinə görə, təyyarə sınaqdan keçirilib.
Tehran bu cür məlumatları ilk dəfə deyil yayır. Bu baxımdan ehtimal etmək olar ki, bu qırıcı üzərində işi İslam Respublikasının mütəxəssisləri təkbaşına gerçəkləşdirməyiblər. Onlara rusiyalıların yardımı ehtimalı da az deyil.
Nəzər almaq lazımdır ki, "S-300" zenit-raket qurğuları ilə bağlı 1 milyard dollarlıq müqaviləni pozduğu üçün Tehran Moskvanı beynəlxalq məhkəməyə verib və dəyən ziyan qarşılığında Kremldən 4 milyard dollarlıq kompensasiya tələb edir. Ona görə də ehtimal etmək olar ki, Rusiya "S-300"lə bağlı İslam Respublikasına vurduğu ziyanı "MiQ-29" işi ilə ödəməyə çalışıb.
Sədrəddin Soltan