Lerikdə qohumunun evindən oğurluq edən şəxsin digər cinayətləri üzə çıxıb.
Unikal.org apa-ya istinadən verilən məlumata görə, Lerik rayonundakı evlərin birindən oğurluq edilməsi barədə Polis Şöbəsinə müraciət daxil olub.
Araşdırmalarla noyabrın 15-də həmin evdən 3400 manat dəyərində qızıl-zinət əşyaları, 250 manat pul və 2 ədəd maaş kartının oğurlandığı müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri ilə oğurluğun zərərçəkmişin qohumu Səbuhi Məmmədzadə tərəfindən törədilməsinə şübhələr yarandığından həmin şəxs saxlanılaraq Polis Şöbəsinə gətirilib. O, törətdiyi əməli etiraf edərək oğurladığı qızılı və pulu könüllü olaraq istintaqa təhvil verib.
Ətrafında aparılan tədbirlərlə onun digər cinayətinin də üstü açılıb. S.Məmmədzadənin bu ilin sentyabrın 6-da rayon ərazisindəki daha bir evdən 1040 manat dəyərində qızıl, 596 manat pul və bəzək əşyaları oğurlaması, həmin zinət əşyalarını Bakıdakı qızıl mağazalarından birinə 520 manata satdığı müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.