Quba rayonunda ayı ovlayanlar saxlanılıb.
Unikal.org xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan "Report"un Şimal Birosuna verilən xəbərə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Şahdağ Milli Parkının Quba rayon ərazisində reyd keçirən zaman 3 atlının yüklü halda hərəkət etdiyini görüb onları saxlamaq istəsələr də, sonuncular atların üzərindəki yüklərini ataraq oradan uzaqlaşıblar.
Baxış zamanı kisələrin içində adı Azərbaycan Respublikasının "Qırmızı Kitabına düşmüş qonur ayının kəsilmiş başı, dərisi, hissələrə bölünmüş əti və ov alətləri aşkar edilib.
Toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkarlar barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə yerli hüquq-mühafizə orqanlarına göndərilib.
Quba RPŞ əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində ayını qanunsuz ovlamış şəxslər müəyyən edilib.
Şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilən rayonun Qonaqkənd kənd sakinləri - Fariz Rəhmanovun, Aydın Nəsirovun və Pirməmməd Nemətovun ovu birgə etdikləri məlum olub.
Onlardan ov zamanı istifadə etdikləri "İJ markalı ov tüfəngi və 6 ədəd patron götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.