"Qarabağ"ın bu dəfəki rəqibi Türkiyənin "Beşiktaş" klubudur. Unikal.org Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, adıçəkilən klublar arasında yoldaşlıq görüşü keçiriləcək.

Xəbərdə bildirilir ki, "qara qartallar"ın baş məşqçisi Şenol Günəşin Bakıya səfəri zamanı razılıq əldə olunub. Görüşün qışda keçirilməsi planlaşdırılır. Məsələ ilə bağlı "Qarabağ" rəsmiləri yaxın vaxtlarda İstanbula yollanacaq görüşün baş tutması üçün klubunun rəsmiləri ilə danışacaqlar. Həmçinin "Beşiktaş"ın klub və komanda sistemi barədə məlumat alacaqlar.

Ağdam komandasının baş məşqçisi Qurban Qurbanov həmkarı ilə görüşündə bunları deyib: "Bir müsəlman və qardaş komandanın Çempionlar Liqasında xarüqələr yaratması bütün Azərərbaycan xalqını çox xoşbəxt etdi. Hər kəs sizdən danışır. Həm klub, həm də baş məşqçi olaraq, sizdən nümunə götürürük və götürəcəyik. Bir türkiyəli baş məşqçinin uğuru bizi qürurlandırdı. Sizə təşəkkür edirik. "Beşiktaş"ı qardaş klub seçərək, onun izi ilə gedəcəyik. İnanıram ki, gələcəkdə biz də sizin kimi uğurlar qazanacağıq".

Öz növbəsində Ş.Günəş "Qarabağ"ın doğru yolda olduğunu vurgulayıb: "İnkişaf etməkdə olan bir futbol ölkəsi üçün heç də az olmayan uğur qazandınız. Çempionlar Liqası səbr tələb edir. Biz də bu günlərə belə gəldik. Ötən il 1/8 final mərhələsinin bir addımlığından geri qayıtdıq. Bir türk olaraq, qardaş Azərbaycandan belə bir komandanın ortaya çıxdığı üçün biz də qürur duyuruq. Əlimizdən gələn hər cür yardıma hazırıq. Planlı-proqramlı çalışaraq, sizin de yaxşı səviyyəyə çatacağınıza əminəm".
Qeyd edək ki, görüş zamanı Şenol Günəş Qurban Qurbanova bütün komandanın imzaladığı Pepenin formasını hədiyyə edib. Qurbanov isə həmkarına arxasında türkiyəli mütəxəssisin adının yazıldığı "Qarabağ" forması hədiyyə edib.