Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının müraciətinə münasibət bildirib.
Unikal.org xəbər verir ki, BQXK-nın Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya açıqlamasında bildirib ki, təmsil etdiyi qurum münaqişə tərəfləri ilə müntəzəm olaraq dialoqu davam etdirir:
 
"Atəşkəslə bağlı məsələlərin monitorinqini aparmaq bizə aid deyil. Biz təmas xətti ətrafında olan vəziyyəti izləyirik və humanitar, əsasən də hər iki tərəfdə yaşayan mülki şəxslərlə bağlı məsələləri diqqətdə saxlayırıq. Mülki şəxslər və mülki obyektlər beynəlxalq humanitar hüquqla müdafiə olunur və hərbi əməliyyatlar zamanı hədəf ola bilməz".
 
Qeyd edək ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası son günlər ermənilərin Azərbaycanın təmas xəttinə yaxın yerləşən yaşayış məntəqələrini atəşə tutması ilə bağlı BQXK-ya müraciət edib. Dövlət Komissiyası bu addımların beynəlxalq humanitar hüquq normalarına, müharibə qaydalarına zidd olduğunu, adi insani dəyərlərə hörmətsizlik kimi qiymətləndirdiyini BQXK-nın diqqətinə çatdırıb və qarşı tərəfi bu əməllərdən çəkindirməyə çağırıb.