Bakıda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org anspress-ə istinadən məlumatına görə, qəza paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb. 28 may küçəsi ilə Azadlıq prospektinin kəsişməsində "Mercedes" markalı iki avtomobil toqquşub.

Daha sonra "Mercedes"lərdən biri yol kənarında dayanan "Hyundai" markalı avtomobilə çırpılıb. Qəza nəticəsində hər iki "Mercedes"in sürücüsü, eləcə də, Bakıya toyda iştirak etmək üçün gələn və hadisə zamanı Ağdama qayıdan bir ailənin üzvləri - 55 yaşlı Əflatun Manafov, onun həyat yoldaşı, 52 yaşlı Xırda Manafova, oğlu, 26 yaşlı Elnur Manafov və onun həyat yoldaşı, 25 yaşlı Ülviyyə Manafova xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım avtomobili ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar. Onlardan Əflatun Manafov və gəlini Ülviyyə Manafovanın xəsarətləri daha ağırdır. Sürücülərin vəziyyəti yüngül olduğundan palataya yerləşdirilməyiblər.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində müayinələr aparıblar. İlkin ehtimala görə, taksi fəaliyyəti ilə məşğul olan "Mercedes" 28 May küçəsi ilə yüksək sürətlə hərəkətdə olarkən işıqforun qadağanedici işığına məhəl qoymayıb və Azadlıq prospekti ilə yaşıl işıqda hərəkətdə olan digər "Mercerdes"i vurub. 

ANS-in çəkiliş qrupu hadisə yerinə gedənə qədər taksi fəaliyyəti ilə məşğul olan avtomobillərdən biri hadisə yerindən aparılmışdı.

Faktla bağlı araşdırmalar davam etdirilir. Hadisənin dəqiq səbəbi təhqiqatın gedişində məlum olacaq.