17 nömrəli müntəzəm marşrut xətti sahibkarın əlindən alınıb. Marşrutun daşıyıcısı bu gündən etibarən dəyişdirilib.

Bakı Nəqliyyat Agentliyindən unikal.org-a verilən məlumata görə, marşrut xəttinin sahibkarın əlindən alınmasına səbəb yol verdiyi nöqsanlara görə ona edilən xəbərdarlıqlara məhəl qoymaması olub.

Belə ki, 17 nömrəli marşruta aid avtobusların hərəkət sxeminə uyğun fəaliyyət göstərmədiyi və geridönmə manevri edərkən yol hərəkəti qaydalarını kobud şəkildə pozması müəyyən edilib. Bununla yanaşı, sərnişinlərdən 17 nömrəli marşrut xətti ilə bağlı "141 Çağrı Mərkəzinə çoxsaylı şikayətlər daxil olub. Qeyd edilən nöqsanlar barədə Agentlik dəfələrlə marşrutun daşıyıcısına rəsmi və şifahi xəbərdarlıq edib.

O cümlədən "141 Çağrı Mərkəzinə daxil olan şikayətlər daşıyıcının elektron ünvanına göndərilsə də, daşıyıcı tərəfindən heç bir ciddi tədbir görülməyib.

Dəyişiklikdən sonra 17 nömrəli müntəzəm marşrut xətti üzrə Bakı Bus MMC-ə məxsus sərnişindaşıma ilə bağlı mövcud tələblərə tam cavab verən avtobuslar Bakı sakinlərinə xidmət edəcək.

Dəyişiklik 16 dekabrdan qüvvəyə minəcək. Bununla da nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərən marşrut xətlərinin sayı 20-yə qalxacaq.