Görkəmli şəxsiyyət, dahi lider Heydər Əliyevin anım günü Sumqayıtda da böyük izdihamla qeyd olunub. Səhər tezdən sumqayıtlıların sevimli istirahət məkanı - Heydər Parkı istiqamətində insan axını müşayiət olunurdu.
Unikal.org xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin deputatları Muxtar Babayev, Tahir Mirkişili, Mirzəcan Xəlilov, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri parkın mərkəzində Heydər Əliyevin əzəmətli abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək, xatirəsinə ehtiramlarını bildiriblər.
Anım mərasiminin iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən eksponatlarla tanış olub və Ümummilli Liderə həsr olunan filmi izləyiblər.
Azərbaycan tarixinin son 35 ilə yaxın bir dövründə ölkəmizin ictimai-siyasi, iqtisadi, elmi və mədəni həyatının elə bir sahəsi yoxdur ki, orada xalqımızın müdrik oğlu Heydər Əliyevin möhtəşəm quruculuq amallarının yadigarları olmasın. Sumqayıtın inkişafından söz açarkən öncə şəhərin ötən əsrin 70-80-ci illərində keçdiyi inkişaf dövrü yada düşür. Çünki gənc Sumqayıtın ilk inkişaf mərhələsi məhz həmin dövrə təsadüf edir. O illərdə ölkəyə rəhbərlik edən ulu öndər Heydər Əliyevin başlatdığı islahatlar, inkişaf strategiyası nəticəsində Azərbaycanın bütün şəhərləri kimi Sumqayıt da dinamik inkişaf yoluna qədəm qoyub. Bu mənada hələ sovet illərindən sumqayıtlılar Ulu Öndərin xüsusi diqqət və qayğısını hər zaman hiss ediblər. Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi illərdə 16 dəfə Sumqayıta səfər edib. Bu şəhər Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi illərdə ölkəmizin aparıcı sənaye mərkəzlərindən birinə çevrilib. Burda keçmiş ittifaqda metallurgiya, kimya, energetika, tikinti materialları sənayesinin aparıcı müəssisələri yaradılıb, yeni mikrorayonlar, yaşayış məhəllələri salınıb.
Heydər Əliyev müstəqillik illərində də Sumqayıta xüsusi diqqət və qayğı ilə yanaşıb, çoxsaylı səfərləri zamanı sənaye müəssisələrinin açılışlarında iştirak edib.
Bu gün inkişafının yeni mərhələsini yaşayan Sumqayıtda sənaye parkının salınması, yeni ixracyönümlü müəssisələrin inşası, sosial layihələrin həyata keçirilməsi Heydər Əliyevin yürütdüyü iqtisadi və siyasi xəttin uğurları sırasındadır. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində şəhərin sürətli inkişafı təmin olunub, Sumqayıt sənaye mərkəzi kimi vaxtilə qazandığı şöhrətini yenidən bərpa edib.