Stalin onu ən yaxın adamlarından biri sayırdı. Onların yaxınlığı xidməti münasibətlər çərçivəsindən çox-çox kənara çıxmışdı. Bu münasibətlərə bir çox məmurlar qısqanclıqla yanaşırdı. Stalinin bağındakı ənənəvi ziyafətlərdə o, özünü ən sərbəst aparan və rəhbəri oxumağı, lətifə danışmağı, qarmondakı ifaları ilə şənləndirən ən cavan məmurlardan biri idi. Təbii ki, Stalinin Andrey Jdanova olan xüsusi rəğbəti onun siyasi karyerasına da təkan verirdi.

Unikal.org modern.az-a istinadən Kreml məmurları ilə bağlı  Andrey Jdanov haqqında olan növbəti yazını təqdim edir.

Praporşik rütbəsindən general-polkovnik rütbəsinə qədər iri addımlarla irəliləyən Jdanovun əsas siyasi karyerası 1918-ci ildən sonra başlayıb. Artıq 1925-ci ildə partiya sıralarında fəallığı ilə fərqlənən Jdanov 1927-ci ildə Mərkəzi Komitənin üzvü olub. Stalinin diqqətindən yayınmayan gənc fəal 1934-cü ildə Mərkəzi Komitənin katibi seçilib. Kirovun ölümündən sonra isə Leninqrad vilayət Partiya Komitəsinin birinci katibi vəzifəsi Jdanova həvalə edilib. O, həmçinin, Leninqrad hərbi dairəsi şurasının üzvü olub.

Müharibə illərində Leninqradın mühasirəsi dövrü Jdanovun siyasi populyarlığını bir az da artırıb. Hətta onun bu mühasirə zamanı fəaliyyəti şişirdilərək qəhrəmanlıq səviyyəsinə çatdırılıb. Ancaq tarixçilər bu məsələdə olan yanlışlıqları kifayət qədər sübut və dəlillərlə üzə çıxara biliblər. Belə ki, tarixçilərin qənaətinə görə, həmin ağır dövrdə Leninqrada vilayət Partiya Komitəsinin ikinci katibi Kuznetsov başçılıq edib. Şahidlərin və araşdırmaçıların fikrinə görə, Leninqradda açlıq hökm sürəndə Jdanov şəhər əhalisi ilə o ağır günləri bölüşməkdən kənar durub. Ona xüsusi olaraq Böyük torpaqdan bütün ərzaq məhsulları çatdırılıb. Məhz bu ərəfədə Jdanov aclıqdan əziyyət çəkən insanların arasında görünməyib, hətta bir dəfə də olsun yerli radio ilə çıxış da etməyib. 1943-cü ildə isə o, ürək tutmalarına görə təcili Moskvaya təxliyyə olunaraq Kreml xəstəxanasında müalicəyə başlayıb.

Andrey Jdanov Stalinin məxfi planlarını məharətlə icra edən və repressiya maşınına təkan verənlərin siyahısında öncüllərdən biri sayılıb. Onun bölgələrə səfəri kütləvi həbslər, repressiyalarla müşaiyət olunub. Təkcə müharibəyə qədər güllələnməyə məhkum olunan insanların adları yazılan 176 siyahıda Jdanovun da imzası öz əksini tapıb.

Repressiyalarda fəal iştirakı ilə yanaşı, ölkənin ideologiya sahəsinə cavabdehlik daşıyan Jdanov yaradıcı mühitə amansız zərbə vuran, ədəbiyyat və incəsənət adamlarının fəaliyyətini məhdudlaşdıran, bu sahədə ağılasığmaz tədbirlər həyata keçirməyi ilə də yadda qalıb. Bununla yanaşı, Jdanov sırf sovet ideologiyasına xidmət edəcək yeni mətbu orqanların meydana gəlməsinin də təşəbbüskarı olub.

Andrey Jdanov şən, ünsiyyətcil, mükəmməl nitq qabiliyyətinə malik olması ilə digər Kreml məmurlarından fərqlənib. Qarmon və royalı peşəkar musiqiçilər qədər məharətlə ifa etməyi bacaran Jdanov Stalinin təşəbbüsü ilə keçirilən ziyafətlərdə məclisi şənləndirmək, rəhbərin könlünü xoş etmək kimi missiyanı da daşıyıb.

Andrey Jdanovla eyni tarixdə, 22 mart 1939-cu ildə Siyasi Büroya üzv seçilən Nikita Xruşov öz xatirələrində həmkarı haqqında yazıb:

"Jdanov şən adam idi. O Stalinin təşkil etdiyi məclislərdə möhkəm içirdi və sonra sevimli qarmonunu götürürdü. Həm qarmonda, həm də royalda gözəl ifa edirdi və yaxşı oxuyurdu. Bu hamımızın xoşuna gəlirdi. Kaqonoviç ona ad da qoymuşdu, "qarmonçalan. Mən Jdanovun bu talantında heç bir qəbahət görmürdüm. Çünki mən özüm də gəncliyimdə qarmon çalmağı öyrənməyə cəhd göstərmişəm. Ancaq təəssüf ki, bu məndə alınmayıb. Biz eyni gündə Siyasi Büroya üzv seçilmişik. Jdanov büro üzvlərinin arasında peyda olunan gündən hamı hiss edirdi ki, Stalin ona qarşı çox diqqətlidir. Jdanovla münasibətləri çox da isti olmayan Kaqanoviç isə dilini sakit saxlamırdı, "burada iş qabiliyyəti tələb olunmur, şirin dilli olmaq, yaxşı lətifə danışmaq, çastuşka oxumaqla da yaxşı yaşamaq, yaxşı işçi olmaq olar deyirdi. Mən Jdanovun gördüyü işlərlə daha yaxından tanış olduqca Kaqanoviçin fikirləri ilə razılaşırdım....

Səhhətində ciddi problemlər olan Jdanov atereskleroz, yüksək qan təzyiqi, ürək tutmalarından əziyyət çəkib. Müalicə almaq üçün Jdanov 1948-ci ilin yayında məxsusi olaraq Valda ətrafında Stalin üçün tikilmiş istirahət evinə getməyi qərara alıb. 28 avqust 1948-ci ildə Andrey Jdanov həmin istirahət evində vəfat edib. Onun ölümü ilə bağlı müəyyən müəmmalar və versiyalar irəli sürülüb. Bu versiyalardan biri də həkimlər tərəfindən Jdanovun qəsdən öldürülməsidir.

Jdanovun ölümünün Stalinə necə ağır təsir göstərməsini Stalinin bağ evinin komendatı Orlov öz xatirələrində belə əks etdirib:

"Jdanovun ölümü Stalinə çox pis təsir etmişdi. O kükrəyərək ağlayırdı və az qala qışqırıqla "mən qoca, xəstə sağ qalmışam o isə ölüb, gərək mən öləydim deyirdi....

Stalinin mühafizəçilərindən biri olan Starostin isə həmin günü belə xatırlayıb:

"Jdanovun dəfnindən sonra Stalin Jdanovun xatirəsini yad etmək üçün büro üzvlərini öz bağına dəvət etmişdi. Süfrə arxasında onu xoş sözlərlə xatırladılar, gördüyü işlərdən danışdılar. Həmin mərasimdə Stalin daha çox içdi. Birinci dəfə idi ki, onu belə vəziyyətdə görürdük. Gecə qonaqlar dağılışanda Molotov mənə dedi ki, əgər Stalin bağa gülləri sulamağa çıxsa, buraxmayın.

O, adətən, axşamdam xeyli keçmiş gülləri sulamağa çıxırdı. Hamı gedəndən sonra mən qapını açarla bağladım. Pəncərədən Stalinin səsi eşidildi:

- Su qabını doldurun, indi gülləri sulamağa çıxacam.

Mən təşviş içində cavab verdim:

- Yoldaş Stalin, bağban artıq gülləri sulayıb.

- Onda qapını açın.

- Aça bilmərəm.

Stalin səsinin tonunu qaldırmışdı:

- Sizə dedim qapını açın.

- Molotov göstəriş verib ki, qapını açmayaq.

- Nəyə görə?

- Biz Sizə görə cavabdehik, siz tərləmisiniz, bayırda isə güclü külək əsir.

- Onda siz Molotova deyərsiniz ki, sabahdan sizi dəyişdirsin. Siz mənə daha lazım deyilsiniz.

- Oldu, yoldaş Stalin.

Bununla da bizim kiçik mübahisəmiz bitdi. Stalin öz yataq otağına getdi. Səhərisi gün mən növbəni təhvil verib getmək istəyəndə Stalin dəhlizdən məni çağırdı:

- Starostin, gecə aramızda olan söhbəti unut. Mən heç nə deməmişəm, sən heç nə eşitməmisən. İndi isə get dincəl, sabah işə qayıt.

Bununla da aramızda olan söhbət elə aramızda da qaldı.

Andrey Jdanovun ölümündən bir il sonra, 1949-cu ildə oğlu Yuri Jdanov Stalinin qızı Svetlana ilə ailə həyatı qurub. Bu nikah qarşılıqlı münasibətlə yanaşı, həm də Stalinin istəyi ilə baş tutub.