Ermənistanda insanlar acınacaqlı vəziyyətdə yaşayır, yoxsulluq həddi durmadan artır.

Unikal.org xəbər verir ki, Gürcüstandakı erməni icmasının internet portalında (armenian-community.ge) Ermənistan əhalisinin acınacaqlı vəziyyəti barədə məlumat yayılıb.

Portal Ermənistan Milli Statistika Xidmətinə istinadən bildirir ki, Ermənistanda yoxsulluğun həddi durmadan artır, əhalinin hər 10 nəfərdən 3-ü yoxsul vəziyyətdədir. Hazırda 880 min nəfər vətəndaş yoxsulluq statusuna malikdir. Ermənistan əhalisinin 295 min nəfərinin aylıq gəlirləri 69 dollar, daha kasıb olan 54 min nəfər vətəndaşın isə orta aylıq gəlirləri 48 ABŞ dolları miqdarındadır.

Məlumatda bu göstəricilərin Ermənistan kimi kiçik dövlət üçün fövqəladə təhlükə yaratdığı, hökumətin bu istiqamətdə fəaliyyətinin müsbət nəticə vermədiyi qeyd olunub.

Bununla yanaşı, portalda əməkhaqqının, pensiya təminatının artmadığı bir ölkədə əksinə çörək, süd və ət məhsullarının və digər zəruri məhsulların qiymətlərinin gündən-günə artdığı, inflyasiya həddinin, işsizlik göstəricilərinin yüksəldiyi qeyd olunur və çıxış yolu kimi investisiya yatırımlarının həyata keçirilməsinə ehtiyac duyulduğu bildirilir. Lakin hakimiyyətdə olan Respublika partiyasının buna əhəmiyyət vermədiyi qeyd edilir, parlament üzvlərinin məsələ ilə bağlı əsassız çıxışları sərt tənqid olunur. (AzərTac)