Türkiyə hökumətinin Rusiyadan S-400 zenit-raket kompleksləri satın almaq qərarı ölkə müxalifəti tərəfindən dəstəklənməyib.

Unikal.org "Cumhuriyet qəzetinin saytına istinadən verdiyi xəbərə görə, yeni qurulan "İyi Parti (Yaxşı Partiya) lideri Meral Akşener hökumətin bu addımını tənqid edib. O bildirib ki, alınacaq S-400 Türkiyə hərbi təyyarələrini tanımayacaq: "Buradan hörmətli Ərdoğana səslənirəm. Əlində meqafonla çığıraraq, bağıraraq xarici siyasət aparılmaz. Azacıq ağıl, sükunət, tarix bilgisi lazımdır. İndi Rusiyadan S-400 alırsınız, halbuki bu qurğu bizim təyyarələrimizi tanımır. O raketləri harada istifadə edəcəksən, qardaş? Sənin F-16-ların onları tanımır və onlar da F-16-ları düşmən təyyarəsi kimi görür. Qoyacaqsan anbara, çürüyəcək.

Qeyd edək ki, bu gün Ankarada Türkiyə və Rusiya arasında S-400 zenit-raket komplekslərinin tədarükü üçün kredit razılaşması imzalanıb. Rusiyanın "Rostex" dövlət korporasiyasının rəhbəri Sergey Çemezov Türkiyəyə 2,5 milyard dollar dəyərində 4 divizion S-400 kompleksi satacaqlarını bildirib. O deyib ki, vəsaitin 55%-nin ödənişi üçün Rusiya tərəfindən Türkiyəyə kredit veriləcək. Zenit-raket komplekslərinin 2020-ci ilin martından etibarən Türkiyəyə göndərilməsinə başlanacaq.