"The Independent" qəzetinin yazdığına görə, Türkiyənin dövlət dini qurumu "əgər bir kişi öz arvadını "anası" və "bacısı" hesab etdiyini deyərsə, boşanmış sayılır" kimi bir fətva verib.

Unikal.org-un yerli mediaya istinadən yazdığına görə, Dini İşlər Müdirliyi icrası məcburi olmasa da, nüfuzlu bəyanatı dekabrın 25-də özünün internet saytında dərc edib.

"Hurriyet" qəzetinin yazdığına görə sözü gedən fətvada deyilir: "Əgər bir kişi öz arvadını onun anası və ya bacısı gözündə gördüyünü deyərsə, belə bir kişi arvadından boşanmış sayılır. Hərçənd onlar yenidən evlənə bilərlər".

Türkiyədə daha çox Diyanet kimi tanınan bu dövlət qurumu ölkənin mövcud qanunlarına görə boşanma aktlarını təsdiqləyə bilməz.

Türkiyədə 1926-cı ildə qəbul edilmiş vətəndaş məcəlləsinə görə belə bir səlahiyyət yalnız mülki məhkəmələrə verilib.

Diyanet bundan əvvəl, dekabrın 7-də verdiyi fətvada bildirirdi kİ, evli cütlər bir-birlərinə ərəbcə "səndən boşanıram" mənasını verən "talaq" sözünü məktub, SMS, internet və ya telefon vasitəsilə də göndərə bilərlər.

"Üçlü talaq" kimi tanınan islami boşanma praktikasından ənənəvi olaraq, Hindistan müsəlmanları, xüsusilə də sünni İslamın Hənəfi təriqətinə məxsus möminlər istifadə edirlər.

Bu qaydaya görə, arvadından boşanmaq istəyən kişi ona "talaq sözünü" üç dəfə yazılı və ya şifahi şəkildə təkrar etməldiir.

Avqust ayında Hindistanın Ali Məhkəməsi bu təcrübəsinin Konstitusiyaya zidd olduğu barədə qərar çıxarmışdı. Məhkəmənin bu qərarı nikah və boşanma hüquqları pozulan qadınları sevindirib.

Müsəlman qadınlar şikayətlənirlər ki, ərləri onları Skype və ya WhatsApp-da üç dəfə "talaq" deməklə və ya yazmaqla boşayırlar.

"Bu, hissiyatların güclü olduğu məqamlarda çox həssas məsələdir. Biz Hindistanı bu xüsusda müvafiq qanunvericilik aktının qəbuluna çağırırıq" -Ali Məhkəmənin hakimi J S Khehar deyib.

Hakim belə boşanma təcrübəsinin 6 ay müddətində dondurulması barədə hökm çıxarıb.