Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Tərtər və Füzuli rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) barədə hesabat yayıb.

Hesabatda qeyd edilib ki, Tərtər rayon ərazisində 9 ev və həyətyanı, 8 əkin sahəsində 22 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib. Ümumilikdə 13 990 kvadratmetr ərazi yoxlanılıb.

Füzuli rayonunda isə 3 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib 470 kvadratmetr ərazi yoxlanılıb.

Aprel 30-da agentlik tərəfindən 9 ev, 12 əkin sahəsi, 22 partlayış yeri yoxlanılıb, 1 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib və 14 460 kvadratmetr ərazi yoxlanılıb.

Ümumilikdə agentlik tərəfindən aprelin 7-dən 30-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir və Cəlilabad rayonlarında 387 ev və həyətyanı sahəyə, 2 hərbi hissə, 1 kənd qəbiristanlığı, 1 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 5 ferma, 8 əkin sahəsi və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1295 ədəd partlamamış hərbi sursat, 10 ədəd piyada əleyhinə mina (PMN) və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda ANAMA yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı, məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.