Qarın ağrısı ilə xəstəxanaya gələn qızın mədəsindən çıxanlar həkimləri təəccübləndirib. ANS PRESS-in məlumatına görə, 18 yaşlı qızın mədəsindən uzunluğu 10, eni isə 8 santimetr olan tük topası çıxıb. 

Mərkəzi Dənizçilər xəstəxanasında əməliyyat olunan Aytac adlı qızın həkimi Mamed Ramazanovun ANS PRESS-ə verdiyi məlumata görə, bu, mində bir təsadüf edilə biləcək bir hadisədir. Həkimin sözlərinə görə, belə faktlar iki cür olur, fitobezoar (bitki mənşəli, ən çox İran xurmasından əmələ gəlir) və trixobezoar (saçdan əmələ gəlir).

"Aytac bizim xəstəxanaya ağrı ilə gəlmişdi. Rentgen nəticəsində gördük ki, mədəsində qeyri-adi kütlə var. Əməliyyat zamanı məlum oldu ki, bu tük yığınıdır. Təxminən bir il olar ki, bu tük onun mədəsində yığılıb qalıb. Hətta, tükün bir ucu bağırsağına çatırdı", - deyə həkim bildirib.

M.Ramazanov onu da qeyd edib ki, bu nadir hadisəyə o, iş təcrübəsində daha öncə də rast gəlib. "Bu proses özünü qaytarma, kəskin ağrı ilə biruzə verir". 

Həkim hazırda xəstənin vəziyyətinin yaxşı olduğunu vurğulayıb. 


Bənzər hadisə ilə həkimlər 2012-ci ildə də qarşılaşıblar. Qəbələ sakini  15 yaşlı Fatma Osmanovanın mədə və bağırsağından 2 kiloqram tük çıxıb. 

Respublika Klinik Xəstəxanasınnın professoru, cərrah Fariz Camalov bildirib ki, qız xəstəxanaya gətiriləndə mədəsində toplanan "qida" onun nəinki mədəsinin, həm də 12 barmaq bağırsağına qədər yığılaraq həmin orqanların bütün divarlarına pərçimlənib. Cərrahiyyənin ən ağır patalogiyası formasında olan qızı dərhal əməliyyat stoluna qaldırıblar. Əməliyyat ağır keçsə də, mədənin və 12 barmaq bağırsağın formasını alan tük kütləsini orqandan azad edib.

Cərrahiyyə yolu ilə mədəsindəki 2 kiloqram tükdən azad olan Fatma Osmanova 7 günlük stasionar müalicə alıb.