Xəbər verdiyimiz kimi, mayın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Ağdam və Bərdə rayonlarında olublar.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 27-dən 28-nə keçən gecə işğalçı Ermənistan ordusu tərəfindən iriçaplı silahlar və artilleriya qurğularından açılmış atəş nəticəsində zərər çəkmiş Tərtər şəhərinin Fikrət Əmirov küçəsində dağılmış evlərə baxıb.
Sakinlərlə söhbət zamanı Prezident İlham Əliyev dəymiş ziyanın tezliklə aradan qaldırılacağını bildirdi.
Sonra dövlətimizin başçısı və xanımı cəbhə xəttinin 200 metrliyində yerləşən Tərtər rayonunun Qapanlı kəndinə gəldilər. Onlar artilleriya zərbəsi nəticəsində evi dağılmış kənd sakini Abbas Abbasovun həyətində olub. 
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva daha sonra Ağdam rayonunun qoşunların təmas xəttində yerləşən Mahrızlı kəndinə gəldilər.
Dövlətimizin başçısı və xanımı Ermənistan ordusunun vəhşilikləri nəticəsində kənddə yaranmış vəziyyətlə tanış olub.
Həmin gün Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bərdə şəhərindəki Müalicə-Diaqnostika Mərkəzinə də baş çəkdilər.
Düşmənin dinc əhalini hədəfə alması nəticəsində Ağdamın Çəmənli və Qaradağlı kəndlərinin yaralanmış 3 sakini burada müalicə olunur.
Dövlətimizin başçısı və xanımı onların vəziyyəti ilə maraqlandılar, tezliklə sağalmalarını arzuladılar.
Unikal.org ölkə başçısının və xanımın cəbhə bölgəsində səfəri ilə bağlı yenilənmiş fotoların təqdim edir.