Aprelin əvvəllərində Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verənlərdən, xüsusən də Azərbaycan Ordusunun qələbəsindən sonra ermənilər qorxu içərisindədirlər.
Unikal.org xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstanın "Azad zona" qeyri-hökumət təşkilatının sədri, politoloq Qela Vaşadze söyləyib.
Aprelin 1-4-də və 27-29-da Ermənistanda keçirilən müxtəlif tədbirlərdə iştirak etdiyini vurğulayan politoloq deyib ki, son günlər cəbhə xəttində baş verən hadisələr qonşu ölkədə birmənalı qarşılanmır. Sadə xalq qorxu, vahimə içərisindədir. Onlar düşünürlər ki, əgər müharibəni uduzsalar bir xalq, dövlət kimi fiziki olaraq məhv olacaqlar. Ermənilər sanki hələ də XIX əsrdə yaşayırlar. Orada olanda erməni xalqının nə qədər geridə qaldığını görürsən. Bu isə indiki iqtidarı qane edir. Çünki iqtidar bu yolla hakimiyyətini uzatmaq istəyir.
"Ekspertlər və siyasi analitiklər hesab edirlər ki, Ermənistanda ciddi dəyişikliyə ehtiyac var. Hakimiyyətin idarə olunmasında, dövlət quruluşunda, cəmiyyətin inkişafında dəyişiklik olmalıdır. Bu, insanların sosial-psixoloji durumunun, düşüncə tərzinin dəyişikliyinə səbəb olacaq. Məhz bundan sonra xalqın regional və beynəlxalq münasibətlərə baxışı dəyişə bilər", – deyə Q.Vaşadze vurğulayıb.