Dünya ölkələrində bu günü təmtəraqla qeyd edənlər var. İlk dəfə 1986-cı ildə Amerikada qeyd olunub. Rəvayətə görə, bir gün təyyarədən düşən Xuan adlı tənha gənc hava limanında qucaqlaşanlara həsəd aparır. O, bir vərəqə iri hərflərlə "free hugg" yazır. "Çəkinmədən qucaqla mənasını verən tabloya yaşlı bir qadın biganə qala bilmir, tanımadığı gənci bağrına basır. O zamandan ənənə halını alır. Tələbələr arasında yayılmağa başlayır. "Free hugg" yazısıyla rastlaşanlar tanımadıqları şəxsləri belə çəkinmədən qucaqlaya bilir.

Zamanla elm adamları qucaqlaşma hissini çözməyə, bu günün hər hansı bir mahiyyətinin olub-olmadığını araşdırmağa başlayıblar. Məlum olub ki, qucaqlaşmağa cəhd edən insanlar daha çox sevgi, rahatlıq və təhlükəsizlik hissinə ehtiyac duyurlar. Tədqiqatlara görə, qucaqlaşma fiziki hərəkəti aktivləşdirir. Depressiya, təlaş da daxil olmaqla, psixi xəstəliklərin müalicəsinə kömək edir. Qucaqlaşmanın köməyi stress və yalqızlıq hissinin öhdəsindən gəlmək olar. Qucaqlaşma insanda etibar və təhlükəsizlik hissi yaradır, başqaları ilə açıq və dürüst əlaqə qurmağa imkan verir. Həkimlər deyir ki, qucaqlaşma immun sistemi stimullaşdırır, mərkəzi sinir sisteminin işini aktivləşdirir, hemoqlobini yüksəldir, "sevgi hormonunu (oksitosin) artırır. Sosioloqlar deyir ki, xüsusən də uşaqlara qarşı münasibətlərdə diqqətli olmaq, onlara qucaqlaşma hissini yeri gəldikcə bəxş etmək lazımdır. Kim bilir, bəlkə də bu gün elə valideyn himayəsindən məhrum olan, isti hislərə ehtiyac duyan uşaqların və ya tənha qocaların günüdür? Bəlkə də küsülülərin, barışmaq üçün tarixi bəhanə edib qucaqlaşanların günüdür? Bir sözlə, yaxınlarımızı bu xoş emosiyalar hissindən məhrum etməyək, ətrafa mənəvi istilik, sağlamlıq bəxş edək...