Azərbaycan Güləş Federasiyasında milli və beynəlxalq dərəcəli hakimlərlə görüş keçirilib. Federasiyanın 1-ci vitse-prezidenti Firdovsi Umudovun sədrliyi ilə keçirilən görüşdə güləş hakimlərinin bu günkü səviyyəsindən, qarşıda duran məqsədlər və hədəflərdən danışılıb.

Unikal.org AGF-nin rəsmi saytına istinadən xəbər verir ki, görüşdə çıxış edən federasiyanın 1-ci vitse-prezidenti Firdovsi Umudov bu günlərdə Slovakiyanın Samorin şəhərində keçirilən I-S kateqoriyalı hakimlərin seminarında imtahan verərək dərəcələrini təsdiqlədən hakimlərimizi təbrik edib:

"Dövlətimiz tərəfindən təkcə müxtəlif idman növləri üzrə yığma komanda üzvlərinin deyil, həm də hakimlərin beynəlxalq arenada ölkəmizi layiqincə təmsil etməsi üçün lazımi bütün işlər həyata keçirilir. Bu günə qədər beynəlxalq arenalarda güləşçilərimizlə yanaşı, bir çox tanınmış güləş hakimlərimiz də ölkəmizi uğurla təmsil edib. Bu gün isə Olimpiya Oyunlarını idarə etmək hüququna malik 2 nəfər I-S, 3 nəfər I, 7 nəfər II, 8 nəfər isə III dərəcəli beynəlxalq kateqoriyalı hakimimiz var. Beynəlxalq dərəcəli hakimlərimizin sayı və kateqoriyası daha yüksək ola bilər. Bunun üçün hər bir milli və beynəlxalq dərəcəli hakim öz üzərində çalışmalı, nəzəri və praktiki biliklərini artırmalı və nizam-intizamlı olmalıdır. Azərbaycan Güləş Federasiyasının rəhbərliyi tərəfindən güləşçilərlə yanaşı, hakimlərin hazırlığı, mütəmadi olaraq onların yerli və beynəlxalq seminarlarda iştirak etməsi də daim diqqət mərkəzində olub, bundan sonra da belə davam edəcək."

Görüşdə, həmçinin, AGF Hakimlər Kollegiyasına sədr təyinatı da elan edilib. Belə ki, Hakimlər Kollegiyasına sədrlik beynəlxalq dərəcəli hakim Qərib Əliyevə həvalə edilib.