Xəbər verdiyimiz kimi, yanvarın 25-də saat 1 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində yolu keçən Maştağa qəsəbə sakini Səlim Zülfüqarov müəyyən edilməmiş avtomobillə vurulub. 31 yaşlı Səlim Zülfüqarov ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib və orada ölüb. Qəzaya səbəb olan şəxsin kikboksinq və kunq-fu idman növlərində 3 qat dünya, 8 qat Azərbaycan çempionu 29 yaşlı Urxan Orucov olduğu deyilib.

Kikboksçu olduğu deyilən idmançı ilə bağlı AKF-nin vitse-prezidenti Güloğlan Cabbarovla əlaqə saxladıq.

Unikal.org-a danışan federasiya rəsmisi milli komandada elə bir idmançının olmadığını deyib:

"Bizim o adda nə Azərbaycan çempionumuz, nə də dünya çempionumuz var. O insan bizim komandanın üzvü deyil. Kikboks məşhur idman növü olduğu üçün bizim federasiyanın adından istifadə edən şəxlər həmişə olub.

Onu da bildirək ki, Urxan Orucov digər idman növü olaraq "facebookdakı hesabında şaulin idman növünün də adını qeyd edib.

Qəza törədən idmançının adının hallandığı digər idman qurumu Azərbaycan Şaolin Döyüş Sənəti Federasiyasının prezidenti Rafiq Əliyev də Unikal.org-a danışıb. O, Urxan Orucovun vaxtilə onların komandalarında olduğunu deyib. Ancaq qəza törətməsindən xəbərsiz olduğunu deyib:

"4-5 il bundan qabaq Urxan Orucov bizim komandanın üzvü idi. Yarışlara da qatılıb. Onun qəza törətməsini ilk dəfə sizdən eşidirəm. Bir müddətdir ki, Vinq Çun idman klubundadır, Asif Sayadovla birlikdə çalışıb.

R.Əliyev bildirib ki, U.Orucov peşəkar idmançı olub: "Onun hazırda üzvü olduğu klub rəhbərliyi bizimlə bəzən əməkdaşlıq edirdi.

Aygün İlqarqızı