Dünən Gürcüstan Baş Prokurorluğu Azərbaycandan olan cərrah-transplantoloq barəsində cinayət işinin açılması barədə məlumat yayıb. 

Unikal.org xəbərinə görə, məlumatda bildirilib ki, cərrah Mircəlal Kazımi pasientlərin böyük həcmdə pul vəsaitinin mənimsənilməsi və mənimsənilməsi cəhdi ilə bağlı başlanılmış cinayət işi üzrə ittiham olunur: "Cərrah M.K. istintaq orqanlarına gəlməkdən imtina etdiyinə görə prokurorluq məhkəməyə onun saxlanılması barədə qərar qəbul etməklə bağlı müraciət edib. Müraciət təmin olunandan sonra M.K. axtarışa veriləcək, - deyə məlumatda deyilir.

Məlumatda o da qeyd olunub ki, Tbilisidəki "Lanset klinikasının direktoru 2016-cı ilin əvvəlində Azərbaycandan M.K. adlı cərrah-transplantoloq dəvət edib. Həmin həkimin tibbi ixtisası üzrə Gürcüstan tərəfindən verilən müvafiq sertifikatı olmayıb.

2016-cı ilin fevralında iki Gürcüstan vətəndaşı klinikaya konsultasiya üçün müraciət edib, onların təcili qaraciyər köçürülməsinə ehtiyacları olduğu deyilib. Pasientlərə həmçinin bildirilib ki, bu cür əməliyyatları uğurla həyata keçirmiş Türkiyədən olan bir qrup cərrah- transplantoloq Gürcüstandadır.

Pasientlərdən biri klinikanın direktoruna 99204 lari (40 min dollardan çox) ödəyib. Digər pasientlə isə onun 10 aprel 2016-cı il tarixində 40 min dollar ödəyəcəyi ilə bağlı razılıq əldə olunub.

"Lanset klinikasında 2016-cı ilin mart ayında əməliyyat olunmuş hər iki pasient bir həftə sonra vəfat edib.

İstintaqla müəyyən olunub ki, əməliyyatlar qanunsuz aparılmaqla yanaşı, pasientlərin təcili əməliyyata ehtiyacları olmayıb və qoyulmuş diaqnoz təsdiqini tapmayıb.

Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanası "Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımi Gürcüstan Baş Prokurorluğunun onun barəsində cinayət təqibinə başlaması xəbərinə münasibət bildirib. O, apa-ya deyib ki, ibtidai istintaq zamanı bu iş üzrə onunla bağlı heç bir istintaq hərəkəti aparılmayıb: 

"Gürcüstan dövlətinin rəsmi qurumları tərəfindən istintaqda ifadə vermək üçün mənə hər hansı bir bildiriş göndərilməyib. Məhkəmənin son proseslərilə bağlı məlumat aldım ki, Fərman Ceyranlı prosesdə əsassız yerə mənim adımı hallandırır və bu səbəbdən də özümə Gürcüstanda vəkil tutdum. Dünənki prosesdə mənim nümayəndəm kimi həmin vəkil də iştirak edib. Məhkəmə prokurorluğa və mənim müdafiəçimə öz aralarında danışıq aparmağa dair tapşıqıq verib və deyib ki, son qərar barədə onlar məlumatlandırılsın. Burada söhbət mənim məhkəmə istinaqına ifadə verməyimdən gedirsə, mən həmin materiallarla tanış deyiləm. İşlə tanış olduqdan sonra lazımi hüquqi addımları atacağıq.

Xatırladaq ki, "Lanset klinikasının direktoru Fərman Ceyranlı dələduzluq maddəsi ilə ötən ilin may ayında həbs olunub. F. Ceyranlını 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Tbilisi şəhər məhkəməsində onun işinə baxılır.