Uğurlu siyasətin qızıl nəticəsi
Uğurlu siyasətin qızıl nəticəsi

London Yay Olimpiya Oyunlarının rəsmi bağlanışı baş tutdu. Amma bağlanışdan bir gün öncəyə qədər Azərbaycan tamaşaçılarında bir ümidsizlik yaranmışdı. Hər olimpiada da qızıl medalla dönən idmançılarımız bu dəfə 7 gümüş və bürünc medalla geri qayıdacaqdılar. Görünür buna görə də hətta hakimiyyət düşərgəsinin tanınmış simaları da nəticədən razı qalmamışdılar.

Və ekspertlər bu cür çıxılmaz durumun yaranmasını bir sıra məqamlarla izah edirdilər. Öncəliklə qeyd edək ki, Azərbaycan istisna ölkələrdəndir ki, burda idmana yüksək dövlət dəstəyi var və bununla bağlı xüsusi dövlət siyasəti həyata keçirilir. Əsası prezident İlham Əliyev Olimpiya Komitəsinin prezidenti olanda qoyulan bu siyasət bir sıra prinsipləri özündə əks etdirmişdi. Prezident İlham Əliyevin tətbiq etdiyi bu prinsiplər,ilk növbədə uşaq idmanının peşəkar həddə çatdırılması ilə bağlı idi. Və bu uğurlar indi də davam etdirilir. İkinci vacib məsələ hətta əyalətlərdə də idmanın inkişafı üçün komplekslərin yaradılması məsələsi idi ki, bu işdə tamamlanıb. Nəhayət sonuncu prinsiplərdən biri də idmançıların sosial durumunun köklü şəkildə yaxşılaşdırılması məsələsiydi ki, burada da hər şey göz qabağındadır. Bundan başqa idmançıların beynəlxalq təcrübə qazanması üçündə mühüm işlər görüldü. MDB ərazisində ilk dəfə boks üzrə avropa çempionatı məhz Azərbaycanda keçirildi, hər il artıq dünyada nüfuzlu turnir kimi qəbul olunan güləş üzrə Heydər Əliyev xatirəsinə beynəlxalq yarışlar təşkil edildi. Bu isə yerli idmançılarımızn inkişafına müsbət təsirini göstərməyə başladı. Bəs bu qədər imkanlardan sonra nədən belə vəziyyət yaranmışdı? Gəlin suala cavab tapmamışdan öncə, olimpiadanın son günündə yaşanan uğuru yada salaq. Yekunlaşmaya bir gün qalmış Azərbaycan idmançıları möhtəşəm uğura imza atıblar. Sərbəst güləş üzrə millimizin üzvləri Toğrul Əsgərov 60 kq, Şərif Şərifov isə 84 kq çəki dərəcəsində bütün rəqiblərini yenərək turnirin ən yüksək zirvəsinə qalxıblar.
Millimizin aktivinə ilk qızıl medalı yazdıran Toğrul Əsgərov 16/1 final mərhələsində almaniyalı rəqibi Tim Şleyzeri məğlub edib. Növbəti mərhələdə idmançımızın rəqibi yaponiyalı güləşçi Yumoto Kenişi olub. Sərbəst güləşçimiz bu dəfə də rəqibinə qalib gələrək yarımfinala adlayıb.
Yarımfinalda Əsgərovun rəqibi ABŞ idmançısı Koleman Skot olub. Toğrul birinci hissədə 1:0, ikinci hissədə 5:0 hesabı ilə qalib gələrək finala yüksəlib. Finalda onun rəqibi rusiyalı güləşçi Besik Kudukov olub. Görüşün ilk hissəsi pəhləvanımızın minimal hesablı (1:0) qələbəsi ilə başa çatıb. Ikinci hissədə daha inamlı təsir bağışlayan Toğrul Əsgərov 5:0-lıq nəticə ilə möhtəşəm qələbə qazanaraq olimpiya çempionu adına yiyələnib.
84 kq çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçimiz Şərif Şərifov mübarizəyə 8/1 final mərhələsindən başlayıb. Onun rəqibi türkiyəli idmançı Ibrahim Bölükbaşı olub. Sərbəst güləşçimiz rəqibini məğlub edərək 4/1 finala yüksəlib.
Bu mərhələdə idmançımızın rəqibi amerikalı Cek Hebbert olub. Şərif Şərifov birinci hissədə 4:1, ikinci hissədə isə 6:0 hesabı ilə qalib gələrək yarimfinala çıxıb. Güləşçimiz yarımfinalda iranlı idmançı Ehsan Laşgari ilə üz-üzə gəlib. Şərif Şərifov bu görüşdə də qalib gələrək finala çıxıb. Finalda Puerto Riko güləşçisi Yusept Espinalla mübarizə aparan Şərif Şərifov ilk hissədə inamlı qələbə qazanıb 5:1. Ikinci hissə də idmançımızın üstünlüyü ilə keçib. Pəhləvanımız ikinci hissədə də 2:0 hesabı ilə qalib gələrək olimpiya çempionu olub.
Beləliklə də dünyanın ən mötəbər idman turniri XXX London Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları çoxdan gözlədiyimiz uğura imza atdı. Bir gündə 2 idmançımız turnirin ən yükəsk pilləsinə qalxaraq dövlət himnimizin səslənməsinə səbəbkar olublar. Bununla da aktivinə 2 qızıl medal yazdıran olimpiya yığmamız medalların sayına görə 30-cu yerə yüksəlib. Indi millimizin hesabında 2 qızıl, 2 gümüş və 5 bürünc medal var.
Əslində bu qədər medalın qazanılması artıq uğur sayıla bilinər. Çünki Türkiyə kimi ölkələr belə bu göstəriciyə nail ola bilmədilər. Amma ekspertlər bildirir ki, dövlətin idmana ayırdığı diqqətə görə qızıl medalların sayı ən azı 5 dənə olmalı idi. Amma məlum oldu ki, bəzi federasiya rəhbərlərinin müstəqil şəkildə həyata keçirtdikləri iş prinsipi düzgün deyil. Çünki həmin federasiya prezidentləri daha çox əcnəbi idmançılara nədənsə üstünlük verdilər. Nəticədə açıq şəkildə göründü ki, əcnəbilər, milli idmançılarımız kimi daha çox əziyyət çəkməyə meyilli deyillər. Halbu ki, onlara çəkilən xərc milli idmançılarımıza sərf olunsa daha parlaq nəticələr olardı. Məhz buna görə prezidenti İlham Əliyev hər zaman uşaq idmanının inkişafını daha vacib sayır. Hesab etmək olar ki, bundan sonra artıq federasiya rəhbərləri dövlətin idman siyasətinə daha mükəmməl yanaşacaq və daha ciddi uğurlara nail olacağıq. İndilikdə isə Azərbaycan son gündə belə olsa özünə gələ bildi və olimpiada tarixində özünəlayiq imzasını qoruya bildi. Bu uğurlu siyasətin uğurlu qızıl qələbəsi oldu.
Toğrul Əliyev