Qarabağdakı dördgünlük müharibənin bir ayının tamamında prezident İlham Əliyevin xanımı ilə bərabər düşmənlə təmas xəttində yerləşən yaşayış məntəqələrində və hərbi bölmələrdə olması, keçirdiyi görüşlərdə mühüm mesajlar verməsi müşahidəçilər tərəfindən çox ciddi hadisə kimi dəyərləndirilir.

Unikal.org xəbər verir ki, "Yeni Müsavat"ın yazdığına görə, hesab olunur ki, Ali Baş Komandan faktiki olaraq bu addımı ilə Vətən müharibəsi modelinə keçid istiqamətində mühüm addım atmış oldu və bu addımların davamını çox gözləməyəcəyik.

Bu model isə 1941-45-ci illər savaşında olduğu kimi, "hər şey cəbhə üçün, hər şey qələbə üçün" yanaşmasını önə çıxarır. Əgər ölkənin birinci şəxsi bütün diqqətini Vətənin işğaldakı ərazilərinin azad olunmasına yönəldibsə, demək, bütün ölkə vətəndaşları, məmurundan tutmuş fəhlə-kəndlisinə qədər hər kəs bu amalla çalışmalıdır. Hesab olunur ki, indiki həssas və mürəkkəb bir məqamda Azərbaycan prezidentinin xanımı ilə bərabər ön cəbhənin 200 metrliyinə qədər gedərək, təmas xəttindəki yaşayış məntəqələrinə və hərbi hissələrə baş çəkməsi daha çox önəm kəsb edir. Konkretləşdirsək, əvvəlki səfərlərdən fərqli olaraq, budəfəki səfər işğalçıya və onu müdafiə edənlərə, o cümlədən illər boyu Azərbaycanın təslimçi sülhə vadar olacağını gözləyən dairələrə mesajdır.

Politoloq Arzu Nağıyev qəzetə açıqlamasında ölkə başçısının cəbhə xəttinə səfərinin mühüm əhəmiyyət kəsb etdiyini və önəmli mesaj olduğunu vurğulayıb: "Prezident İlham Əliyevin öz xanımı ilə atəşkəsin hər an pozulduğu bir vaxtda, erməni və havadarlarının təxribat əməllərinin öz pik vəziyyətinə çatdığı anda cəbhə bölgəsinə, təmas xəttinin iki yüz metrliyinə səfər etməsi və Ali Baş Komandan kimi hərbçilərlə, təmas xəttində olan kəndlərdə sakinlərlə görüşməsi, onlara dəstək olması, yaralılara baş çəkməsi təbii ki, hərbçilərin qələbə ruhuna və döyüş əzminə müsbət təsir göstərən ən mühüm şərtlərdən biridir. Eyni zamanda bu səfər sakinlər üçün də böyük dəstək və dayaqdır. Erməni qəsbkarları və onların havadarları da görür ki, prezident cəbhə bölgəsində yaşayan hər bir vətəndaşın, səngərdə dayanan hər bir əsgər və zabitin yanındadır, onlar dövlət başçısının diqqət və qayğısı ilə əhatə olunublar. Yəni bütün cəmiyyət bu gün demək olar ki, Vətən müharibəsi modelinə keçir. Bunu prezidentin cəbhə bölgəsində ərazi bütövlüyümüzün qorunmasının vacibliyi və sonuncu işğalçı erməni əsgərinin torpaqlarımızdan çıxarılana qədər döyüşməli olduğumuz haqqında verdiyi bəyanatlar da təsdiq edir. Bir sözlə, biz beynəlxalq normalar çərçivəsində sülh tərəfdarı olmağımızı bəyan etməklə yanaşı, düşmənə güc nümayiş etdirməklə onu danışıqlar masasına əyləşdirməyə qadir və hazırıq. Bunu da etmək üçün həm prezident, həm də Azərbaycan xalqında döyüş əzmi və qələbə ruhu var".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun məsələyə maraqlı yanaşması var: "Ermənistan prezidenti Serj Sərkisyan 6 aprel tarixindən sonra Dağlıq Qarabağa hərbi geyimdə gəlmişdi. Sərkisyanın hərbi geyimdə Xankəndinə gəlişi və işğalçıların bir qisminə medal paylaması Dağlıq Qarabağın Ermənistanın işğalı altında olmasının bariz nümunəsi idi. Bunu beynəlxalq aləmə elə belə də izah etmək lazımdır. Azərbaycan prezidenti İlham Əliyev isə Ağdam və Tərtərə səfəri zamanı və oradakı hərbi kazarmalardakı görüşündə mülki geyimdə idi. Bunun da mənası odur ki, Azərbaycanda hərbi vəziyyət yoxdur, həyat davam edir, Bakıda konsertlər də keçirilir, idman yarışlarına hazırlıq da gedir".

Politoloq qeyd edib ki, hər iki prezidentin cəbhə bölgəsinə səfərlərinin məqsədi eyni - atəş altında olan insanlara dəstək vermək, onların əhval-ruhiyyəsini qaldırmaq idi:

"Sərkisyanın Talış kəndini tərk edən ermənilərlə görüş keçirdiyi barədə məlumatım yoxdur. Bir də Sərkisyan onlara nə vəd verə bilərdi ki? Münaqişə həll olunmayana qədər Dağlıq Qarabağın erməni əhalisini rahat həyat gözləmir, səksəkə içindədirlər. Təmas xəttinə yaxın məntəqələrdə yaşayan azərbaycanlılar isə işğalçıların bombardmanlarından əsla qorxmur və keçmiş illərdən fərqli olaraq dağılmış evlərini tərk etmir, əkin-biçinləri ilə məşğuldurlar. Belə də olmalıdır. Həmin evlər nə qədər dağıdılsa, bir o qədər də bərpa olunmalıdır. Ancaq ən yaxşısı budur ki, düşmən qüvvələri o qədər geri otuzdurulsun ki, işğalçının mərmiləri mülki evlərə çatacaq məsafədə olmasın".