Bakıdakı dil kurslarının şok pərdəarxası!
Bakıdakı dil kurslarının şok pərdəarxası!

Dil bilgisi, yoxsa pul tələsi?

Hər gün istər metroda, istər küçədə, istərsə də bəzi televiziya kanallarında bir sıra hazırlıq kurslarının reklamı gedir. Hətta reklamlarda o da göstərilir ki, bizə müraciət edən hər kəs arzularını reallaşdırıb, xaricdə təhsil ala bilər. Kursu bitirənlər işlə də təmin olunurlar. Təbii ki, dil öyrənməyə maraqlı olanlar bu şirnikləşdirici reklamlar vasitəsilə həmin kursların ünvanlarına yollanırlar. Böyük istək və arzularla. Axı bu günün gəncinin dünyagörüşünün formalaşmasında, gəlirli və prestejli bir iş tapmasında ən azı iki xarici-rus və ingilis dillərini bilmək tələb olunur.

Müxtəlif peşə mütəxəssisləri xarici dil bilməklə dünyanın aparıcı təhsil ocaqlarından birində təhsil ala və ya iş təcrübəsi qazana bilərlər. Ona görə də xarici dil kurslarının qapılarını demək olar ki, hər kateqoriyadan olan insanlar döyürlər. Şagird, abituriyent, tələbə, məzunlar, orta yaşlı biznesmen, hətta karyera yüksəlişi arzusunda olan jurnalist…
Bu zaman üzümüzə xoş sima ilə baxan kurs sahibi: "Sizi kursumuza qəbul edirik və sabahdan dərslərə başlaya bilərik" deyərək öyrədiləcək səviyyələri və ödəniləcək qiymətləri deməklə kifayətlənir. Və sonda əldə olunan nəticə dil kursuna gedən hər kəsə bəllidir.
modern.az əməkdaşı dil kurslarının hazırkı durumunu elə kursların özündən öyrənib.

Günahkar
kursların özləridir

"STIMUL Education & Consulting" hazırlıq kursunun təsisçisi Namıq Veysəl saytımıza bildirdi ki, hazırlıq kurslarının bu gün səviyyələrinin aşağı olmasında ilk növbədə, səbəb elə kursların özündədir: "Hazırda yay aylarıdır deyə, kursa müraciət edənlər də çox deyil. Ona görə də tələbatın yüksək olduğunu demək çətindir. Kursumuza ən çox rus və ingilis dillərinin öyrənilməsi üçün müraciətlər var. Tədris olunan dil çoxdur, amma müraciət edənlər çox azdır. Əsəsən, rus və ingilis dillərini öyrənmək istəyənlər müraciət edir. Qalan dillər - alman, fransız, ərəb, fars dilləri üçün ayda bir-iki nəfər müraciət edir. Dərslər qrup və fərdi şəkildə aparılır. Fərdi şəkildə ingilis dilini öyrənmək istəyən 85 manat ödəməlidir. Qrupda isə qiymətlər 55 manatdır. 6 səviyyənin hamısı öyrədilir. Gələn tələbələrin əksəriyyəti sırf "Intermediate" öyrənmək həvəsindədir, çünki bu zaman söhbət təmiz "Intermediate"-dən gedir. Başqa kurslardan gələnlər deyirlər ki, "Upper Intermediate"səviyyəsində bilirik, amma yoxlayıb görürsən ki, Pre-intermediate səviyyəsindədirlər, heç "Intermediate" deyillər. Buna səbəb kurslarda düzgün yoxlamaların aparılmamasıdır.Yoxlama 4 punkt-writing(yazı), reading (oxu), listening (qulaq asma), speaking (danışıq) üzrə aparılmalıdır. Amma bir çox kurslarda ancaq yazı üzərindən yoxlamalar aparılır. Yəni, sırf qrammatikanı yoxlayırlar. Amma bu, çox yanlış bir yanaşmadır. Danışıq, qulaq asma və oxunuş da mütləq yoxlanılmalıdır. Bunların hamısı əsas götürülərək, tələbənin səviyyəsi müəyyənləşməlidir. Təəssüf ki, bu gün səviyyəsi aşağı olan kursların sayı kifayət qədərdir. Bunun da səbəbi odur ki, ən əsas bu sahəyə nəzarət yoxdur. Bu kurslara birbaşa təhsil sektoru nəzarət etməlidir. Heç bir nazirlik də buna nəzarət etmir. Biz də neçə dəfə Təhsil Nazirliyinə müraciət etmişik, amma heç cavab verən də yoxdur. Biri gedir, zirzəmidə bir kurs açır. Öz istədiyi adı qoyur və guya kurs verməyə başlayır. Əksəriyyət dərs deyənlər də tələbələrdir, siz təsəvvür edin ki, tələbə tələbəyə dərs keçir. Bu nə dərəcədə doğrudur? Biz bu məsələ ilə bağlı əvvəlcə Təhsil Nazirliyinə zəng vurduq, sonra işə nazirliyin işçisi ilə görüşdük, dedilər ki, bu məsələ üzərində danışıqlar gedir, amma hələ ki bir nəticə yoxdur. Düzü, bundan sonra da yenidən müraciət etməyə ehtiyac duymadıq. Düşündük ki, nəticə mənfi olacaq, ona görə də heç müraciət də etmədik".

Xaricdən niyə
müəllim gətirilmir?

N. Veysəl kursa xaricdən müəllimlərin dəvət olunmamasına da aydınlıq gətirirb: "Xaricdən dəvət olunmuş müəllimin iş izni üçün 1200 manat dövlət hesabına keçirilməlidir. Ona rəsmi olaraq, Azərbaycanda çalışmaq üçün iş izni alınmalıdır. Bunu əlbəttə ki, işə götürən şirkət etməlidir. Bu da heç bir şirkətə sərf etmədiyi üçün, xaricdən müəllim dəvət etmirlər. Bizdə dərsi deyən müəllimlər özümüzkülərdir və hər birinin ali təhsili, dil bilgisi var. Tələbənin xaricdə təhsil almasına gəlincə isə, kurs rəhbərliyi bildirdi ki, bu bir başa tələbənin öz hesabına olur. "Göndərilmə özəl bir yanaşma olduğu üçün, sırf tələbənin oz hesabına olur. Kurs sadəcə ödənişsiz konsultasiyalar, məsləhətlər verir".

"Kaspi" İngiltərədən müəllimlər dəvət edir

"Kaspi" təhsil mərkəzi də kursların hazırkı durumunu şərh edib. Kurs müəlliməsi Xalidə İsayeva deyir ki, hazırlıq kursunun fərd üçün qiyməti 150 manat, qrup şəkilində isə 70 manatdır: "Bizim kursa kifayət qədər tələbat var. Xaricdən də müəllimlər tez-tez dəvət olunur. Daha çox İngiltərədən müəllimləri dəvət edirik. Bu qiymətlər mövsümə görə dəyişir. Bizim dövrü endirimlərimiz olur. Həftədə bir saat olmaqla, 3 dəfə dərslər keçirilir. Fərdi olaraq, qiymət 150 manat, qrup şəkilində isə 70 manatdır. Hazırda endirimlərimiz var. Əksər tələbələr "Intermediate" səviyyəsinə qədər öyrənir. Amma daha məqsədli tələbə 6 səviyyənin hamısını öyrənir. Öyrənmək özü ayrı bir qabiliyyətdir, sadəcə olaraq, insanlarda psixoloji formalaşıb ki, o,iki ay ərzində dil öyrənə bilər. Əgər Xarici Dillər Universitetində dili öyrənmək üçün tələbəyə 4 il vaxt verilirsə, iki aya tələbə necə dil öyrənə bilər? Tələbə minimum bu dilə 6-7 ay sərf etməlidir. Bizim 90% tələbəmiz 6 səviyyənin hamısını öyrənib sertifikat almağa çalışır. Tələbələrin xaricdə oxuması isə tələbənin öz hesabına başa gəlir. Biz sadəcə tələbənin qəbul olmağına yardımçı oluruq".

Milli Məclis məsələyə
əl qoya bilər

Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Kamilə Əliyeva da kursların keyfiyyəti ilə bağlı fikirlərini bildirib: "Mən heç vaxt kursların əleyhinə olmamışam. Baxmayaraq ki, hər küçədə bu kursların reklamı gedir, mənşəyi bilinmir ki, bu kurslarda kimlər çalışır, tələbələri kim hazırlayır? Kursdakı müəllimlər, onların səviyyələri necədir? Bu gün bu kursların sayı hesabsızdır. Hər keçən özünə bir kurs açdırır ki, xarici dilləri öyrədirəm. Amma onların hansının səviyyəsinin yaxşı, hansının səviyyəsinin pis olması haqqında heç nə bilmirəm. Ümumilikdə, Elm və Təhsil komitəsinin bir üzvü kimi bu kursların lehinəyəm. Bu gün Azərbaycan gəncləri Avropaya inteqrasiya edir. Bizim gənclərimiz nə qədər çox dil bilsə, bir o qədər də onların baş ucalığıdır. Bu çox gözəldir ki, hər bir insan çox dil bilmək imkanına malik olsun. Bunun üçün də bu kursların əhəmiyyəti böyükdür. Amma onların səviyyəsi bilinsin ki, hansı dərəcədə necə hazırlayırlar?"
Deputat deyir ki, bu gün kurslara gedənlərin 80-90%-i gənclərdir. Çox nadir hallarda olur ki, yaşlı təbəqə xaricə getmək və yaxud da hansısa bir səbəbdən dil öyrənsin. Bu qədər gəncin dil öyrənməsi olduqca təqdirəlayiq bir haldır. Bizim kursların ən pis cəhəti yoxlamadan hər kəsi kursa götürüb, güclüyə də, zəifə də eyni bir qrupda dərsin keçirilməsidir. Təəssüflər ki, bu gün kurslarda tələbələr kateqoriyaya bölünmür. Sadəcə qruplar dolsun deyə, tələbələr qəbul olunur. Kurslarda tələbələrin səviyyələrinə görə qruplar bölünməlidir. İkinci bir tərəfdən bu kurslara nəzarət edən bir qurum olsa, daha yaxşı olar. Bu gün özəl olaraq hər kəs kurs aça bilir. Məsələn, ola bilər ki, bir kurs açılsın və bu, dövlət tərəfindən maliyyələşsin. Bunların maliyyə məsələsi var axı. Özəl şirkətlər müəllimlərin də maaşlarını öz hesablarına verirlər. Buna görə də bunu konkretləşdirib, dövlət tərəfindən nəzarətə götürmək də çətindir. Əsas odur ki, kurs sahibi kursun keyfiyyəti üçün məsuliyyətli olsun, dərslər necə gəldi keçirilməsin.
K. Əliyeva qeyd edib ki, lazım gələrsə, dil kurslarına nəzarət edən bir qurumun yaradılması barəsində məsələni Milli Məclisdə də qaldıra bilər: "Mən lazım olarsa, bu məsələni Milli Məclisdə də qaldıra bilərəm, yaxşı olar ki, kurslara nəzarət edən bir qurum olsun". Kursların vətəndaşlarla bağladığı müqavilələr və bəzi kurslarda isə həmin müqavilələrin səhəri gün də cırılıb atılmağına gəldikdə, isə deputat qeyd edib ki, bu müqavilələr formaldır. "Bəli, belə halların olmasına səbəb həmin müqavilələrin formal xarakterli olmasıdır, kursların bağladığı həmin o müqavilələr sual altındadır. Həmin o kurslar özlərini sığortalayıb kursları açırlar və sonra da formal müqavilələri bağlayırlar".
Təzsil Nazirliyindən münasibət öyrənmək niyə mümkün olmadı?
Mövzu ilə bağlı Təhsil Nazirliyinin fikirlərini bilməyə çalışdıq. Nazirliyin mətbuat xidmətindən bildirilirdi ki, mövzumuza dair suallarımızı cavablandıracaq şəxs məzuniyyətdədir.
Nihadə Eyyubova