Ermənistan hökuməti bu gün keçirdiyi iclasda Dağlıq Qarabağdakı separatçı  rejimin "dövlət müstəqilliyi"nin tanınması barədə qanun layihəsini təsdiqləyərək qəbul edib
Bu qanun layihəsinin müəllifləri Ermənistanın sabiq baş naziri, Erməni Milli Hərəkatının parlament fraksiyasının üzvü Qrant Baqratyan və İrs Partiyasından olan deputat Zarui Postancyancdır.
Ermənistan hökumətinin toplantısında qanun layihəsini xarici işlər nazirinin müavini Şavarş Köçəryan təqdim edib.
"Bu qanun layihəsi bütün ermənilər üçün vacibdir və hesab edirəm ki, o, qəbul olunmalıdır", - Ş.Köçəryan deyib.
Ermənistan parlamenti yaxın günlərdə sözügedən qanun layihəsini müzakirə edəcək.
Azərbaycan XİN-i bundan əvvəl bəyanatında qeyd edib ki, Ermənistan Dağlıq Qarabağı tanımaqla danışıqlar prosesinə son qoymuş olacaq.



Ermənistanın Dağlıq Qarabağı tanıyacağı barədə açıqlamalara münasibət bildirən XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev belə demişdi:
"Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin Ermənistan tərəfindən tanınması rəsmi Yerevanın Minsk qrupu prosesinə son qoyması mənası daşıyır ki, bu halda Minsk qrupunun danışıqlar aparmaq üçün artıq heç bir mandatı olmayacaqdır. Bu Minsk qrupu prosesi, onun həmsədrləri və bütün beynəlxalq ictimaiyyətə qarşı təhqir və özbaşınalığın ifrat nümunəsidir.
Ermənistanın bu kimi təxribatçı əməllərinə beynəlxalq ictimaiyyət tərəfindən adekvat münasibət bildirilməlidir".
Ermənistan hakimiyyətinin bu siyasəti ona müsbət dividend deyil, problemlər qazandıracaq. Ermənistan hakimiyyətinin Dağlıq Qarabağın "müstəqilliyini" tanıması Azərbaycan ordusunun hücuma keçməsi üçün şərait yaradacaq.
Yəni Ermənistan parlamenti belə qərar qəbul edərsə, Dağlıq Qarabağda genişmiqyaslı müharibənin başlanması qaçılmazdır.