""Azərenerjinin kapital strukturunda əvvəl olduğu kimi yenə də yüksək risklərin olduğunu düşünürük.

Unikal.org apa-ya istinadən xəbər verir ki, bu barədə "Standard&Poors beynəlxalq reytinq agentliyi "Azərenerji ASC-nin reytinqi ilə bağlı yaydığı məlumatda qeyd olunub.

Bildirilir ki, buna səbəb "Azərenerjinin borc öhdəliklərinin 85%-nin xarici valyutada olması və şirkətin məzənnədəki dəyişiklik riski ilə hələ də üz-üzə qalmasıdır. 

"Bu riski kompensasiya etmək üçün şirkətə xarici valyutada heç bir əsaslı pul axını mövcud deyil. Düşünürük ki, "Azərenerjiyə hökumət tərəfindən hazırkı müstəsna maliyyə dəstəyi olmasa, növbəti üç il ərzində şirkət yüksək borc öhdəliklərini yerinə yetirməkdə və 1 milyard manat (600 mln. dollar) həcmindəki əsaslı investisiya ehtiyacını təmin etməkdə çətinliklə üzləşəcək. Belə başa düşürük ki, Strateji Yol Xəritələrinə uyğun olaraq "Azərenerji aktivlərinin keyfiyyətini artırmaq üçün kapital qoyuluşu planlayır. Eyni zamanda, şirkətin xərc strukturu da yaxşılaşıb və bizim 2018-ci il üçün baza ssenarimizə əsasən deyə bilərik ki, "Azərenerji 2017-ci illə müqayisədə əməliyyat fəaliyyətindən daha stabil gəlir əldə edəcək. Bu isə 2015-ci ilə müqayisədə 2 dəfə çoxdur, - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Azərenerji ASC-nin prezidenti Etibar Pirverdiyevdir və o, bu vəzifəni 27 noyabr 2001-ci il tarixindən icra edir.