Bakı-Böyük Kəsik dəmir yolu xəttinin əsaslı təmiri çərçivəsində bu gündən 11 km dəmir yolunun təmirinə start verilib.

Unikal.org "Azərbaycan Dəmir Yolları QSc-yə istinadən xəbər verir ki, Alabaşlı stansiyasında 1,7 km uzunluğunda cüt yol, Soyuq Bulaq stansiyasında 2,15 km uzunluğunda tək və cüt yollar, Gəncə-Alabaşlı mənzilində isə 7,2 km dəmir yolu təmir olunacaq.

10 gün davam edəcək təmir işlərini 5 saylı "İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin kollektivi həyata keçirir.

Xatırladaq ki, 14 aprel 2015-ci ildə "Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, ADY və Çexiyanın "MORAVİA STEEL şirkəti arasında "Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri barədə ixrac müqaviləsinə əlavə saziş imzalanıb. Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 458 km dəmir yolu əsaslı təmir olunub.