Təhsil eksperti: "Ümid edirəm ki, müvafiq qurumlar bu problemin həllini də yaxın vaxtlarda çözəcək və əlil gənclərin ali məktəblərdə rahat təhsil almaları üçün şərait yaradılacaq.

Azərbaycanda əlil uşaqların təhsilə cəlb edilməsi ilə bağlı məsələ prioritetdir. Bu günə qədər əlilliyi olan uşaqların təhsilə cəlb edilməsi ilə bağlı Təhsil Nazirliyi tərəfindən bir sıra işlər görülüb.Bəs Azərbaycanda nə qədər əlilliyi olan uşaqlar xüsusi və internat məktəblərində təhsil alır? 2005-ci ildə qəbul olunmuş İnklüziv Təhsilin İnkişafı Dövlət Proqramı çərçivəsində nə qədər əlil uşaq təhsilə cəlb edilib?

Bütün bu suallara cavab tapmaq üçün Təhsil Nazirliyinə soğru göndərdik. Nazirlikdən qəzetimizin sorğusuna cavab olaraq aşağıdakı fikirlər bildirilib: "Azərbaycanda inklüziv təhsilin tətbiqi ilə bağlı 2004-cü ildən başlayaraq təşəbbüslər olub. "Xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili ilə əlaqədar İnkişaf Proqramı (2005-2009-cu illər) çərçivəsində 3 pilot layihənin icrasına başlanılmışdır. Layihələrin icrası olaraq 15 ümumtəhsil məktəb, 13 məktəbəqədər təhsil müəssisəsində 268 nəfər əlilliyi olan uşaq inklüziv təhsilə cəlb olunmuşdur. Layihələrin müddətinin bitməsinə baxmayaraq dövlətin dəstəyi ilə bu tədbirlər davam etdirilir. 2015-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə UNİCEF-in birgə əməkdaşlığı çərçivəsində inklüziv təhsil ilə bağlı görülmüş işlər və bu sahədə beynəlxalq təcrübə təhlil edildi. Nəticə etibarı ilə əlilliyi olan şəxslərin təhsilinin təşkili yeni mərhələyə keçdi.

Bu mərhələdə xüsusi təhsil sahəsində köklü islahatların aparılması, əlilliyi olan uşaqların təhsilə cəlb olunma qaydalarının yenilənməsi, onların ümumtəhsil məktəblərində inklüziv təhsilə cəlb edilməsi və inklüziv təhsil sahəsində yeni yanaşmaların tətbiqi, nəzərdə tutulmuşdur.Sağlamlıq imkanları məhdud şəxslərin ümumi təhsil müəssisələrində inklüziv mühitdə təhsilinin təşkil olunması məqsədi ilə "2018-2024-cü illərdə Azərbaycan Respublikasında əlilliyi olan şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmişdir. Dövlət Proqramının icrası ilə bağlı 2018-ci il üçün Tədbirlər Planı Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmişdir. Bununla yanaşı Dövlət Proqramının icrası ilə bağlı məsələlərin, hazırlanan sənəd layihələrinin, aparılan araşdırma və tədqiqatların nəticələrinin müzakirəsinin təşkili və müvafiq təkliflərin hazırlanması üçün nazirliyin müvafiq əmri ilə İşçi Qrupu yaradılmışdır.

Dövlət Proqramının məqsədi bütün təhsil pillələri üzrə əlilliyi olan şəxslərin təhsilə cəlb olunmasını və bunun üçün maneəsiz mühitin yaradılmasını təmin etməkdən ibarətdir.Dövlət Proqramı çərçivəsində aşağıda qeyd olunan tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:

-¢ bütün təhsil pillələri üzrə sağlamlıq imkanları məhdud şəxslərin inklüziv təhsilə cəlb olunmasının təmin edilməsi məqsədilə mövcud qanunvericiliyin təkmilləşdirilməsi;

-¢ təhsil müəssisələrinin və tədris proqramlarının sağlamlıq imkanları məhdud şəxslərin ehtiyaclarına uyğunlaşdırılması üçün müvafiq tədbirlərin görülməsi;

-¢ sağlamlıq imkanları məhdud şəxslərin təhsilinin təşkili ilə bağlı pedaqoji kadrların hazırlanması və təkmilləşdirilməsi;

-¢ inklüziv (inteqrativ) təhsilə cəlb olunan sağlamlıq imkanları məhdud şəxslər üzrə məlumat bazasının yaradılması;

-¢ sağlamlıq imkanları məhdud şəxslərin təhsilə cəlb olunması və sosial inteqrasiyasının vacibliyi barədə aidiyyəti dövlət qurumları ilə təbliğat və ictimai maarifləndirmə işinin aparılması.

Yuxarıda qeyd olunan tədbirlərin sınaqdan keçirilməsi məqsədi ilə 2015-ci ildə Təhsil Nazirliyi Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNİCEF) ilə birgə əməkdaşlığı çərçivəsində, Təhsil Nazirliyinin 2015-ci il 18 mart tarixli əmrinə əsasən "İbtidai təhsil səviyyəsində inklüziv təhsilin tətbiqi layihəsinin icrasına başlamışdır.Layihə çərçivəsində Bakı şəhəri üzrə 4 məktəb pilot seçilmişdir. Layihənin davamı olaraq 2017-2018-ci tədris ilində layihənin tətbiq olunduğu 4 pilot məktəbdə ümumilikdə 40 sağlamlıq imkanları məhdud şəxs inklüziv təhsilə cəlb olunmuşdur.

Pilot məktəblərin direktorları, eksperimental siniflərin müəllimləri və xüsusi təhsil üzrə mütəxəssisləri üçün Almaniyada inklüziv təhsil üzrə təlim səfəri təşkil edilmişdir. Almaniyanın Oldenburq Universitetinin professor heyəti tərəfindən pilot məktəblərin pedaqoji heyətinə iki həftəlik təlim keçirilmişdir.İnfrastrukturda tələb olunan uyğunlaşdırma ehtiyacları müəyyənləşdirilmiş, müyəssərlik meyarları əsasında məktəblər fərdi qaydada qiymətləndirilmiş, rekonstruksiya planı hazırlanmış və təmir işləri aparılmışdır.

Layihə çərçivəsində ilk dəfə olaraq alman mütəxəssisləri və pilot məktəblər üzrə xüsusi təhsil üzrə mütəxəssislər tərəfindən qeyri-verbal testlərdən istifadə edilərək sağlamlıq imkanları məhdud uşaqların xüsusi təhsil ehtiyaclarının qiymətləndirilməsi həyata keçirilmişdir. Qiymətləndirmənin nəticələrinə əsasən İnklüziv təhsilə cəlb edilmiş şagirdlər üçün Fərdi Tədris Planı hazırlanmışdır. Hər 3 aydan bir Fərdi Tədris Planı yenilənir.Məsələyə kompleks (sistemli) yanaşma məqsədilə xüsusi təhsil üzrə müəllim hazırlığının təkmilləşdirilməsi ilə bağlı islahatlara başlanılmışdır. Azərbaycan Dövlət Pedaqoji Universitetində korreksiyaedici təlim üzrə yeni kafedra yaradılmışdır.

Xüsusi təhsil sahəsində kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə xüsusi təhsil üzrə müəllim hazırlığı sahəsində dərsliklərin tərcümə edilməsi, elektron formada müəllimlərin və tələbələrin istifadəsinə verilməsi, kurrikulumların, sillabusların yenilənməsi nəzərdə tutulmuşdur.

Bildiririk ki, 2017-2018-ci tədris illərində 10010 nəfər Sağlamlıq imkanları məhdud uşaq xüsusi təhsilə cəlb olunmuşdur. 6401-evdə təhsilə, 3609 xüsusi təhsilə cəlb olunmuşdur.

Ümumilikdə görülmüş işlər və nəzərdə tutulan tədbirlər sağlamlıq imkanları məhdud olan şəxslərin keyfiyyətli təhsillə əhatə olunmasına və cəmiyyətə inteqrasiyasına xidmət edəcəkdir.

Təhsil eksperti Kamran Əsədov isə "Unikal qəzetinə açıqlamasında deyib ki, Azərbaycan BMT Uşaq hüquqları Konvensiyasına qoşulub və bununla da uşaqların və özəlliklə əlilliyi olan uşaqların hüquqlarının daha yaxşı müdafiəsi üçün öhdəliyinə düşən işi yetərincə icra edir:

"Azərbaycanda əlil uşaqların icbari təhsilə cəlb olunma faizi demək olar ki, 99.9 faiz təşkil edir. Yəni məktəb yaşına çatmış bütün vətəndaşlar fiziki sağlam olan şəxslərin 100 faizi, amma fiziki qüsuru olan şəxslərin 99.9 faizi təhsilə cəlb edilir. Ümumilikdə fiziki qüsurlu şəxslərin təhsili inklüziv (inteqrativ) təhsil adlanır. Bu gün Azərbaycanda icbari təhsil bazasında inklüziv (inteqrativ) təhsil tamamilə təmin olunub. Hesab edirəm ki, Azərbaycanda fiziki qüsurlu uşaqların təhsil almaları ilə bağlı heç bir problem yoxdur. Kifayət qədər onlar məktəblərlə təmin olunub, infrastruktur formalaşıb.Ekspert vurğulayıb ki, inklüziv (inteqrativ) təhsilin yuxarı pillələrində bəzi çatışmamazlıq və problemlər mövcuddur:

"Təhsil haqqı problemi; qəbul imtahanları zamanı fiziki qüsurlu şəxslərə hər hansı bir üstünlüyün yaradılmaması; resurs problemi, ictimai yerlərdə əlillər üçün hərəkət problemi kimi məsələlər var.
Bu gün internat məktəblərində, bu tipli xüsusi təyinatlı təhsil müəssisələrində fiziki qüsuru olan şəxslər 9-cu sinifə qədər təhsil ala bilirlər. Amma sonrakı pillələrdə bunların təhsillərinin davam etdirilməsi üçün həm resurs, həm də kadr çatışmamazlığı var. Bu problem açıq şəkildə özünü göstərir. Bununla bağlı xüsusi Dövlət Proqramı var və ümid edirəm ki, bu məsələ qısa zaman kəsiyində öz həllini tapacaq.

K.Əsədov həmçinin bildirib ki, bu gün fiziki qüsurlu uşaqların ali təhsilə cəlb edilməsi ilə bağlı da ciddi problemlər var: "Bu gün fiziki qüsurlu şəxslərin təhsil almaları üçün test qüsurları, illik təhsil haqqı, universitetlərdə şərait problemləri var. Şəxsən öz rəhbərliyim altında 2008-ci ildə bu məsələ ilə bağlı layihə həyata keçirdim. Fiziki qüsurlu uşaqlardan 2010-cu ildə 1 nəfər, 2011-ci ildə 7 nəfər, ondan sonrakı illərdə 8-10 nəfər Bakıda və Azərbaycanın müxtəlif universitetlərinə yüksək balla qəbul oldular. Hətta onların arasında 550-dən yuxarı bal toplayan görmə qüsurlu tələbələrim də var idi. Bu gün ali məktəbə qəbul olunan fiziki qüsurlu şəxslərin təhsil haqqlarından azad olunması ilə bağlı ciddi problemlər var. Ötən il eks təhsil naziri, hazırda vergilər naziri vəzifəsində çalışan Mikayıl Cabbarov ali məktəblərə qəbul olunan fiziki qüsurlu şəxslərin illik təhsil haqqı məsələsini həll etdi. Amma növbəti illərdə bu məsələnin necə olacağı isə hələ ki, qaranlıq olaraq qalır.Bununla belə, qəbul zamanı testlərdə bəzi qüsurlar var. Təsəvvür edin, fiziki qüsurlu şəxslərlə, ümumi fiziki vəziyyəti normal olan şəxslərin qəbul imtahanı eyni olur. Bir sözlə Dövlət İmtahan Mərkəzinin fiziki qüsurlu şəxslər üçün təyin etdiyi sual kitabçalarında ciddi problemlər mövcuddur və ümid edirik ki, bu məsələ də tezliklə öz həllini tapacaq.

Bu gün Azərbaycanda ali, peşə təhsil müəssisələrinə cəlb edilən fiziki qüsurlu şəxslərin sayı cəmi 450 nəfər təşkil edir. Universitetlərdə təhsil alan fiziki qüsurlu şəxslərin sayı (illik) 53 nəfər təşkil edir. Digər pillələrdə təhsil alan fiziki qüsurlu şəxslərin sayında artım müşahidə olunur. Yəni orta ixtisas, kolleclərdə, peşə məktəblərində təhsil alanların sayı çoxdur. Yəni ali məktəblərdə tələbə adını qazanan fiziki qüsurlu şəxslər üçün infrastruktur yox dərəcəsindədir. Bu gün Azərbaycanda 54 ali təhsil müəssisəsi var. Siz görmə, yerimə qüsurlu hər hansısa bir şəxsin sərbəst şəkildə universitetə daxil olmasının şahidi ola bilməzsiniz. Mütləq şəkildə onun yanında köməkçi olmalıdır. Türkiyədə Universitetlərdə əlil tələbələrin rahat hərəkət etmələri üçün imkanlar və infrastruktur formalaşdırılıb. Ali təhsil müəssisələrinə onlar sadə qaydalarla qəbul edilirlər. Bizdə isə bu mövcud deyil. Ümid edirəm ki, müvafiq qurumlar bu problemin həllini də yaxın vaxtlarda çözəcək və əlil gənclərin ali məktəblərdə rahat təhsil almaları üçün şərait yaradılacaq.