Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Misirə səfər çərçivəsində bu ölkənin xarici işlər naziri Sameh Şükri ilə görüşüb.

Bu barədə unikal.org-a İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, görüşdə qarşılıqlı əlaqələrin inkişafı və gələcək perspektivləri müzakirə edilib, Misirlə Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq etdiyi qeyd olunub. Azərbaycanlı nazir ölkəsinin Ermənistan istisna olmaqla bütün ölkələrlə mehriban əlaqələr qurduğunu və münasibətləri inkişaf etdirmək niyyətini diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycan müstəqilliyinin ilk illərində Ermənistanın təcavüzünə məruz qalaraq torpaqlarının 20%-ni itirib: "BMT Təhlükəsizlik Şurası Ermənistanın zəbt etdiyi Azərbaycan ərazilərinin qeyd-şərtsiz işğaldan azad edilməsinə dair 4 qətnamə qəbul edib. Lakin Ermənistan Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını hələ də işğal altında saxlayır. Bu gün Azərbaycan iqtisadiyyatı özünün inkişaf mərhələsindədir. Azərbaycanın güclü ordusu var və istənilən zaman erməni işğalındakı torpaqlarını azad etmək iqtidarındadır. Bununla belə, Azərbaycan Respublikasının Prezidenti sülh danışıqlarına və beynəlxalq hüquqa sadiq qalaraq münaqişənin danışıqlar yolu ilə həll olunmasının tərəfdarıdır.

S.Şükri Azərbaycana səfər etmək arzusunda olduğunu nəzərə çatdıraraq rəsmi Qahirənin Azərbaycanın sülh addımlarını dəstəklədiyini vurğulayıb. Misirli nazir Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllini dəstəklədiyini bildirib: "Misir bu münaqişənin beynəlxalq hüquq və Azərbaycan xalqının arzusuna uyğun şəkildə həll olunmasını istəyir.

Görüşdə Misirin sərmayələr və beynəlxalq əməkdaşlıq naziri xanım Sahar Nasir və Azərbaycanın Misirdəki səfiri Tural Rzayev də iştirak edib.