3 saat döyüşüb ermənilərə qan udduran şəhidimiz
Elşad Abbaszadə cəbhənin Tərtər istiqamətində, təmas xəttində 3 il xidmət edib. Martın 25-i qarşı tərəfin atəşkəsi növbəti dəfə pozması nəticəsində cavab atəşi ilə susduranlardan biri də Elşad olub.
Unikal.org ANS TV-yə istinadən məlumatına görə, 3 saat Ermənistan hərbi birləşmələri ilə döyüşən qəhrəman silahını dolduran zaman qarşı tərəfin gülləsinə tuş gəlib. Artıq 40 gündür qəhrəmanımız ən uca zirvədə, şəhidlik zirvəsindədir.
Çəkiliş qrupumuz bu gün şəhidin ailəsini ziyarət edib, onlara göstərilən qayğı ilə maraqlanıb. Atası Raquf Abbasovun sözlərinə görə, şəhidin dəfn və yas mərasimi üçün Tərtər rayon icra hakimiyytəi və Elşadın qulluq etdiyi hərbi hissə rəhbərliyi maddi kömək göstərib.
10 gün əvvəl isə ailə dövlətin şahid ailələri üçün ayırdığı 11 min manat sığorta pulunu alıb. Bu aydan isə şəhidin ailəsinə 200 manat prezident təqaüdü ödənilir. Ailə deyir ki, Sığortanın məbləğinin əsas hissəsi şəhidin məzarının düzəldilməsinə xərclənib.
Oğullarını vətənə qurban verən ailə kənardan nəsə ummağı qüruruna sığışdırmır. Amma ailənin 310 manat aylıq gəliri və yaşadığı şərait onların maddi dəstəyə ehtiyacı olduğunu göstərir.
"Şəraitmizin nə yerdə olduğu göz qabağındadır, şəhid bu evdə böyüyüb. Şəraitimiz yoxdur", - şəhid atası Raquf Abbasov bildirdi.
Şəhidin nənəsi Sevil Sadıqova deyir ki, ailənin maddi yardımla yanaşı mənəvi dəstəyə də böyük ehtiyacı var. 
"Vətən sağolsun, xalqımız, millətimiz sağ olsun. İstəyirəm ki, nəvəmin adı əbədiləşdirilsin. Tərtərdə bir küçəyə, bələdiyyəyə, ya kənd icra nümayəndəliyinə adı verilsin. Yalnız onun adı yaşasın", - Sevil Sadıqova dedi.
Elşad Abbaszadə və onun kimi oğulların qəhrəmanlığı sayəsində irəliləyə bilməyən, əksinə 25 ildir möhkəmləndiyi mövqelərindən məhrum olan qarşı tərəf bu dəfə ağır artilleriya silahları ilə dinc sakinləri yaşayış məntəqələrini, məktəbləri və digər mülki obyektləri hədəf seçib.
Erməni mövqelərinin 300 metrliyində yaşayan Zamin Cəfərovun evini aprelin 3 də top mərmisi dağıdıb. Evdə yaşamaq mümkün olmadığından ailə üzvləri qohumlarını yanına yerləşdirən Zamin dogma kəndinə qayıdib və səbirsizliklə evinin bərpasını gözləyir.
"Evlərə ziyan dəyib. Evlərə darvaza, şüşə gətirib veriblər. Amma belə böyük dağıntılara hələ bir şey demirlər. Çadır veriblər. Böyük dağıntıların təmirinə nə vaxt başlanılacağı ilə bağlı məlumatım yoxdur", - Qapanlı sakini Zamin Cəfərov dedi.
Cəbhə bölgəsinə səfər edən, hərbçilər və mülki sakinlərlə görüşən ölkə başçısı dağılmış evlərin bərpası üçün vəsait ayırıb. Yaxın vaxtlarda evlərin bərpasına başlanacaq.
"Nazirlər kabineti belə qərar alıb ki, mülki əhalinin evinə dəymiş ziyanı Bərpa agentliyi edəcək. Məcburi köçkünlərə dəymiş ziyanı isə Qaçqınkom tərəfinden təmir bərpa ediləcək". - Əli Həsənov deyib.
Son 1 ayda Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimi atəşə tutması nəticəsində ümumilikdə Ağdam, Tərtər, Ağcabədi və Goranboy rayonlarında 522 evə ziyan dəyib, 30 nəfərə yaxın mülki şəxs yaralanıb, 6 nəfər isə dünyasını dəyişib.