Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rayon ərazisində məskunlaşmış Xocalı soyqırımı qurbanlarının ailələri ilə görüşü olub.

İH-dən Unikal.org-a daxil olan məlumata görə, tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Xocalı faciəsi barədə ətraflı məlumat verərək Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olan, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayət hadisəsi zamanı dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirildiyini, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını qeyd edib.

A.Fərzəliyev Xocalı kimi tarixi bir məkanın yer üzündən silinməsində keçmiş Sovet ordusunun 366-cı motoatıcı alayının yaxından iştirakı ilə görünməmiş vəhşiliklərin törədilməsi nəticəsində 613 nəfərin qətlə yetirilərək meyitlərinin təhqir olunduğunu, 1275 nəfərin girov götürüldüyünü, onlardan 150 nəfərinin taleyinin hələ də məlum olmadığını, qətlə yetirilənlərin 63 nəfərinin uşaq, 106 nəfərinin qadın, 70 nəfərinin ahıl və qoca olduğunu, 8 ailənin tamamilə məhv edildiyini, 25 uşağın hər iki valideynini, 130 nəfərin isə valideynlərindən birini itirdiyini xüsusilə diqqətə çatdırıb.

Xocalıdan olan şəhid ailələri çıxışlarında Xocalıda erməni vandallarının törətdiyi qətliamı tarixdə ən dəhşətli faciə kimi qiymətləndirib, cinayətkarların gec-tez ədalət məhkəməsi qarşısında cavab verəcəklərini qeyd ediblər.