Millət vəkili Qənirə Paşayeva Şanlıurfada Xocalı soyqırımı ilə bağlı konfrans keçirib. Unikal.org-un məlumatına görə, Şanlıurfa Türk Ocaqlarının təşkil etdiyi konfransda təşkilatın rəhbəri Cemil Demir, Şanlıurfa bələdiyyəsinin rəhbərliyi, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova çıxış edərək Xocalı soyqırımı barədə məlumatlar veriblər.

Q.Paşayeva Xocalı Soyqırımı barədə geniş məlumat verdikdən sonra bu soyqırım zamanı valideynlərini itirən uşaqlar, onların yaşadığı acılardan danışıb: "Biz heç bir zaman, dünyanın heç bir yerində insanların öldürülməsinə tərəfdar olan bir cəmiyyət, millət olmadıq, amma yüzlərlə insan Ermənistan əsgərləri tərəfindən qətl edilərkən dünya susqun qaldı? Niyə səslərini heç eşitmədik? Ölənlər hansı millətdən olursa-olsun əvvəlcə insandır. Biz ədalət istəyirik. Xocalıda, Qaradağlıda soyqırım törədən cinayətkarlar Ermənistanda önəmli vəzifədədirlər. Hələ də ədalət qarşısında törətdikləri cinayətə görə cavab verməyiblər. Dünyanın insan haqları deyərək bar-bar bağıran təşkilatları, dövlətləri, 1 milyon insanın öz evində yaşama hüququnun Ermənistan tərəfindən pozulmasına səs çıxartmırlar. ATƏT-in Minsk Qrupunun digər həmsədrləri ABŞ, Fransa və Rusiyada bu istiqamətdə Ermənistana heç bir təzyiq və təsir göstərmirlər.

Şanlıurfa Türk Ocaqlarının rəhbəri Cemil Demir və Şanlıurfa bələdiyyəsinin rəsmiləri çıxış edərək bildiriblər ki, bu cür konfransların gənclər üçün böyük vacibdir. Sonra ona təşəkkür plaketi və xatirə hədiyyəsi təqdim ediblər.

Millət vəkili Q. Paşayeva tədbir iştirakçılarına Türkiyədə yeni çapdan çıxmış kitabları "Turan yolçusu və "Aşk yolçusunu və həmmüəllifi olduğu "Qarabağ hikayeleri kitabını imzalı hədiyyə edib.

Konfransdan sonra millət vəkili Q.Paşayeva Şanlıurfanın yerli QHT, KİV rəhbərləri, qadın və gənclər təşkilatları rəhbərləri ilə görüşüb, geniş fikir mübadiləsi olub. Q.Paşayeva həmçinin yerli KİV-lərə Azərbaycanla bağlı, Qarabağ, Xocalı soyqırımı həqiqətləri ilə bağlı geniş müsahibələr verib.