Polis əməkdaşları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədi ilə növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Bu barədə unikal.org-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Nəqliyyatda Baş Polis İdarəsinə Bakı Dəniz Vağzalının ərazisində Arif adlı şəxsdə odlu silah-sursat olması barədə məlumat daxil olub. Baş İdarə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs - Sumqayıt şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Arif Kiçiknicat saxlanılıb. Baş İdarədə hal şahidlərinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilən zaman "AKM markalı avtomat və içərisində 9 ədəd patron olan daraq aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.