"İndiki məqamda tərəflərin atəşkəs rejiminə riayət etməsi, vəziyyəti daha da çətinləşdirəcək addımlardan çəkinməsi və böyük sülh sazişi üzərində birgə işləməsi çox vacibdir".
Unikal.org xəbər verir ki, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Ermənistanda Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınması ilə bağlı gedən müzakirələrə münasibət bildirərkən deyib. O xatırladıb ki, ABŞ Dövlət Departamentinin bununla bağlı bəyanatı olub: "Minsk Qrupunun həmsədrləri böyük sülh sazişi üzərində iş aparılması üçün tərəflərlə işləyirlər. ABŞ dövlət katibi Con Kerri də bu məsələni diqqətdə saxlayır. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik gərginliyin azaldılması və tərəfləri bir araya gətirərək sülh razılaşmasına nail olmaq istiqamətində çalışır. Hər kəs öz diqqətini məhz bu istiqamətə yönəltməlidir". 
Bir az əvvəl ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik də cəbhədə gərginliyin olmasına yenidən münasibət bildirib: "ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi bizim mövqeyimiz ondan ibarətdir ki, tərəflər atəşkəs sazişinə ciddi şəkildə əməl etməli, hərtərəfli sülhə nail olmaq üçün dərhal danışıqlara gəlməlidirlər. O bildirib ki, münaqişəsinin hərbi yolla həlli yoxdur.