Qanuni oğrular azərbaycanı hədəf seçib
Qanuni oğrular azərbaycanı hədəf seçib

Kriminal dünyada aktivləşmə artır

Dövrü mətbuatın yazdığına görə Bakıda tanınmış avtoritetlərin görüşü keçirilib. Məlumata görə, oğru dünyasının tanınmış simaları Bakının Mərdəkan kəndində "sxodka"ya toplaşıblar. "Sxodka"da avtoritetlərdən Amin Mərdəkanski, Kubinkalı Abı (Üzüyanıq), Moskva Rafael və digər oğru dünyasının sayılıb-seçilən simaları iştirak ediblər.

Müzakirə əsasən bakılı avtoritetlərin Rövşən Lənkəranski ilə Qoca arasındakı insidentdə öz mövqelərini müəyyənləşdirməkdən ibarət olub. "Sxodka"ya əsasən Amin Mərdəkanski başçılıq edib. Amin Mərdəkanski Rövşən Lənkəranskinin Azərbaycandakı sağ əli sayılır. Elə dünənki müzakirələrdə də avtoritetlərin Rövşənin xeyrinə qərar çıxardıqları deyilir. Belə ki, onlar iki nüfuzlu avtoritetin razborkasında daha çox Rövşənin yanında olmaqla bağlı qərar qəbul ediblər.
Qeyd edək ki, müzakirələrdə iştirak edən Kubinkalı Abı hələ ötən əsrin yetmişinci illərindən AST Telmanla dostluq münasibətindədir. Onların yaxın dostluğu indiyə kimi davam edir. Deyilənə görə onların yaxın münasibətləri AST Telman yetmişinci illərin axırlarında Cənub mehmanxanasında barmen işləyərkən başlayıb. Həmin dövrlərdə Cənub mehmanxanasında güclü dava düşüb. O vaxt Abı AST Telmanı müdafiə edərək gələcək milyarderi ölümdən qurtarıb. Və bu hadisə onların indiyədək qorunub saxlanan münasibətlərinə səbəb olub.Maraqlıdır, hansı səbəbdən yenidən Azərbaycan oğru dünyasının marağını özünə cəlb edib? Gəlin məsələyə bir az ətraflı yanaşaq. Öncəliklə qeyd edək ki, son zamanlar Azərbaycanda müəyyən silahlı qətllərin, basqınların baş verməsi heç kimin diqqətindən yayınmır. Çünki bu qətllərdə bir oxşarlıq və qrup şəkilində olması artıq məsələnin ciddiliyindən xəbər verir. Bunu da qeyd edək ki, 1995-ci ilə qədər Azərbaycanda "qanuni oğrular" kifayət qədər aktiv olsalarda, sonradan onların fəaliyyəti məhdudlaşdı və nəticədə əksəriyyəti ölkəni tərk edərək Rusiyaya getdi.
Amma son iki il ərzində Rusiyada da "qanuni oğrulara" qarşı bir savaş açıldı və demək olar ki, çox nüfuzlu simalar öldürüldü. Düzdür bildirildi ki, bu qruplar arası savaşın nəticəsi idi. Amma ekspertlər bildirdilər ki, bu işin arxasında Rusiya hakimiyyətinin özü durur. Bundan sonar bu şəxslər Rusiyada fəaliyyətlərini məhdudlaşdırdılar və Azərbaycanda, Ukraynada görünməyə başladılar və artıq bunun fəsadları görünməyə başlayıb.
Bunu da qeyd edək ki, avtoritetlərin Azərbaycana axınına təsir edən amillərdən biri də bu şəxslərin hakimiyyətdə olan bəzi oliqarxlar tərəfindən himayə olunmalarıdır. Bu himayənin isə bir neçə səbəbi var. İlk növbədə oliqarxlar məhz onların imkanlarından istifadə edərək MDB ərazisində ki, biznes strukturlarını nəzarətdə saxlada bilir, kənar müdaxilələrdən qoruyurlar. Bundan başqa sirr deyil ki, elə oliqarxlar var ki, onların bizneslərinin böyük hissəsi ləkəli biznesdir və ləkəli biznes olan yerdə sözsüz ki, oğru qanunlarına ciddi ehtiyac yaranır. Bunun səbəbidir ki, tanınmış qanuni oğruların əksəriyyətinin Bakıda mülkləri,biznes şəbəkələri var və bunlar onlara oliqarxlar tərəfindən hədiyyə edilib.Qanuni oğruların Azərbaycana axışmasının başqa bir fəsadı isə artıq Bakıda xırda cibgirlərdən tutmuş, oğru dünyasına meyilli təbəqənində aktivləşməsi ilə müşahidə edilir. Bu gün demək olar ki, istənilən an "razborkaların", cəzalandırmaların şahidi oluruq və buda ümumilikdə cinayətkar aləmin aktivləşməsi ilə sonunclanacaq. Çox maraqlı başqa bir hal isə budur ki, artıq Azərbaycandakı həbsxanalarda da oğru qanunlarının kütləvi tətbiqi müşahidə olunur və qanuni oğruların təsiri artmağa başlayıb. Elə buna görə də son iki ayda 2-3 dəfə həbsxanalarda az qala qiyam olsun. Beləliklə aydın olan budur ki, Azərbaycan ciddi bir təhlükənin ağuşuna atılır və bu sadəcə olaraq kriminal dünyanın ayağa qalxması ilə tamamlana bilər.

Toğrul Əliyev