12 Dekabr 2018
Olimpiya idman növündə biabırçılıq: Bu idmançılarımız 18 yaşdan sonra...
MÜSAHİBƏ 2018-03-07 17:19:02
  • A

Azərbaycan Yelkənli Qayıq İdmanı Federasiyası idmançılarını itirə bilər. Həmin qurumun  yetişdirmələri başqa bayraq altında mübarizə apara, onların şərəfini qoruya bilər. Belə ki, Azərbaycanda heç kim olimpiya növü olan bu idmanla 18 yaşdan sonra məşğul ola bilmir. Bunun üçün böyük maneələr var. Dövlət Dəniz Agentliyinin rəisi Qüdrət Qurbanovun rəhbəri olduğu federasiya ciddi təhlükə ilə üz-üz qalıb.

Bunu federasiyanın inzibatçısı Nurlan Abdullayev Unikal.org-a müsahibəsi zamanı təsdiqləyib:

- Yelkənli Qayıq İdmanı olimpiya növü olsa da, böyük səviyyəli uğurlar müşahidə edilmir.

- Bizim saytımızda da, sosial şəbəkədəki səhifələrimizdə də 2015-ci ildən bu günə qədər olan bütün işlərimiz haqqında paylaşımlar edirik. İştirak etdiyimiz Dünya və Avropa çempionatlar, beynəlxalq yarışlar haqqında məlumatlar veririk.

- İzlədiyim və gördüyüm qədər həmin idmançıların yaşı 13-14 və 18 yaşa qədərdir. Bunun səbəbi nədir?

Bizdə olimpiya səviyyəli idmançıların olmamasını belə izah edərdim. Bizdə olan "Optimist və "Laser tipli qayıqlarda yaş məhdudiyyəti var. "Optimist qayıqlar üçün yaş məhdudiyyəti 14-dür. Yəni 15 yaşında uşaq o qayıqla yarışda iştirak edə bilməz. "Laserdə isə məhdudiyyət 18 yaşa qədərdir. Yəni bu qayıqla 18 yaşdan yuxarı idmançı məşq edə, yarışa qatıla bilməz. Ona görə də uşaqlar bizdəki "Optimist qayıqlarda 7-14 yaşda təlim keçdikdən sonra 18 yaşa qədər "Laser üçün məşqlərə və yarışlara qatılır. Biz bu yaşa qədərki qayıqlarla olan bütün yarışlara qatılırıq.

- Yəni böyüklərdən ibarət milli komanda yoxdur?

- Düzdür, böyüklər üçün qayıqlar almaq mümkündür. Amma federasiyanın imkanları o barədə bir az qısıtlıdır. Təəsüf ki, indi bizim böyüklərdən ibarət mili komanda yoxdur. İndi biz Şıxovda məşqlər keçirik.

- Federasiya haradan maliyyələşir? Gənclər və İdman Nazirliyi və ya aidiyyatı qurumlar sizə kömək edir?

- Xeyr. Bildiyiniz kimi, federasiyamız Dövlət Dəniz Agentliyinə bağlıdır. Qüdrət Qurbanov da həm o qurumun, həm də Azərbaycan Yelkənli Qayıq İdmanı federasiyasının rəhbəridir. Maliyyəmiz də ondandır.

- Bəs 18 yaşına çatan idmançıların aqibəti necə olur?

- Hələ ki, 18 yaşına çatan idmançı yoxdur. Düzdür bu barədə idman menecerimiz daha yaxşı bilər. Amma onu deyim ki, həmin yaşa çatan zaman məşqlərə qatıla bilməyəcəklər. Səhv etmirəmsə indi komandamızda ən böyük idmançının 16 yaşı var.

- Belə anladıq ki, 18 yaşını tamamlayan bu idman növüylə məşğul olan hər kəs ya karyerasını bitirməli, ya da başqa ölkənin bayrağı altında mübarizə aparmalıdır?

- Onu deyim ki, iki il müddətində bizim federasiyamız o yaşa uyğun başqa bir qayıq gətirə bilər. Hazırda bu barədə müraciət edilməsi barədə mən dəqiq bilmirəm, yəqin ki, iki il müddətində edilər.

Aygün İlqarqızı

17:19:02