17 Sentyabr 2019
“Müxalifətin gizli məqsədi var”
“Müxalifətin gizli məqsədi var” MÜSAHİBƏ 11:58 2012-08-16

“Müxalifətin gizli məqsədi var”
“Müxalifətin gizli məqsədi var”


Mais Güləliyev: “Dünya praktikasında “partizan liderlər” yoxdur”

Son günlər Azərbaycan müxalifətinin daxilində baş verən proseslərlə və ümumiyyətlə, müxalifətin ümumi səviyyəsi ilə bağlı suallarımızı Azərbaycan Yaşıllar Partiyasının sədri Mais Güləliyev cavablandırır.

-Mais müəllim, Azərbaycan müxalifətinin qazanı qaynamasa da, özü qaynaşmaqdadır. Sizcə, bu qaynaşma nə ilə bağlıdır?
-Əsas səbəb müxalifətin bu və ya digər qrupunun öz qarşısına qoyduğu məqsədlə bağlıdır və onlar öz fəaliyyətlərini bu məqsədlərə uyğun şəkildə qururlar. Bu məqsəd hər bir qrup üçün kifayət qədər gizli saxlanılır. Yəni üzdə deyilən məqsədlə gizli niyyətlər arasında kifayət qədər fərqlər olur. Partiyaların hər biri üzdə deyir ki, biz Azərbaycanda demokratiyanın qurulması, vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi, iqtisadi inkişaf və azad, ədalətli seçkilərin keçirilməsi uğrunda mübarizə aparırıq. Qarşıya doğrudan da belə bir məqsəd qoyulardısa, onda bütün umu-küsülər, proqram fərqləri, auiditoriyanın, sosial bazanın zəifliyi və ya genişliyi bir kənara qoyulmalıydı, hər bir qüvvə, xüsusən də güclülər digərlərini öz ətraflarında birləşdirməyə çalışardılar. Hadisələrin araşdırılması onu göstərir ki, qarşıda qoyulan məqsədlə ürəkdə tutulan məqsəd arasında uyğunsuzluq var. Fikrimi bir az xırdalayıram. Müsavat Partiyası istəsəydi ki, Dağlıq Qarabağ problemi həll olunsun, bu uğurda mübarizə aparırdısa, cəmiyyətin demokratikləşməsini, korrupsiyanın aradan qalxmasını, səhiyyə, təhsil sisteminin mükəmməlləşməsini istəyirdisə, onda heç vaxtı digər müxalifət partiyalarını güclü və zəiflər formasında qruplaşdıraraq özünü başqalarından üstün tutmazdı. Deyərdi ki, məsələn, bizim gücümüz min at gücündədirsə, qoy, üstünə bir at gücü də gəlsin, olsun min bir. Nə ziyanı var ki bunun? Yəni yuxarıda sadaladığım problemlərin həlli məqsədi güdülürdüsə, onda ən azı bir siçan gücündə olan bir qrupun da gücündən istifadə etməyə çalışardılar. Daha deməzdilər ki, bizim gücümüz qartal gücüdür, filan partiyanın gücü siçan gücü qədərdir, ona görə də bizə lazım deyil. Bu dediyim təkcə Müsavat Partiyasına aid deyil, Azərbaycan Xalq Cəbhəsi Partiyasına da aiddir. Yəni məqsəd doğrudan da ümummilli maraq doğuran problemlərin həllidirsə, onda heç vaxt fikirləşməzdilər ki, lıider iks olsun, yoxsa iqrek. İsa Qəmbər olsun, yoxsa Əli Kərimli. Əli Kərimli deyərdi ki, nə olar, təki bu problemlər həll edilsin. Və ya İsa Qəmbər deyəydi ki, gəlin, filan ziyalıya dəstək verək, problemlərimizi həll edək. Axı bunu fikirləşmirlər. Bunların gizli məqsədi var.
-Nədir bu gizli məqsəd?
-O gizli məqsəd ondan ibarətdir ki, özünün iyirmi ildə yerləşdiyi, ciddi şəkildə möhkəmləndiyi müxalifət postunu nə üçün kimlərəsə təhvil verməlidir. Bu mövqedən istifadə edərək müəyyən qədər maddi cəhətdən yararlanırlar, beynəlxalq təşkilatların diqqət mərkəzində olurlar, hakimiyyətdə olan kimlərinsə işinə gərək olurlar. Buna görə də mütəmadi olaraq hakimiyyətdəki qruplardan və yaxud xarici dairələrdən maddi dəstəklər alırlar. Xüsusən də Amerika Birləşmiş Ştatlarından, Türkiyə, İsrail, İngiltərə, Norveç, Fransa və İtaliyanın ölkəmizdəki səfirliklərindən. Müxalifət Birləşmiş Ştatların qrant verən təşkilatlarından həmişə dəstəklər alır. Belə olan halda və hakimiyyətə lazım olanda gizli görüşlər keçirərək maddi dəstəklər əldə edirlər. Bəs onda niyə müxalifət postunu əldən verməlidirlər? Müxalifətin gizli məqsədi budur. Məqsəd ondan ibarət deyil ki, Azərbaycan cəmiyyətində demokratik dəyişikliklər baş tutsun. Məqsəd maddi xeyirlər gətirən mövqeyin heç kimə verilməməsidir. Onların mübarizəsi bundan ötəridir. Kimsə, hansısa qrup buna təhlükə yaradarsa, o qrupa qarşı birləşib onu məhv edərlər. Daha Qarabağı işğal edən ermənilərə, korrupsiyaya qurşanmış hər hansı məmura, Azanın ərazi bütövlüyünə təhdid yaradan qruplara qarşı yox. Müxalifət bunu düşünür. Bunu düşündükləri üçün də birlik ideyası qətiyyən baş tuta bilməz. Birliyi ümummilli ideyalar yaradır. İzah etməyə çalışdığım kimi, müxalifət ümummilli məqsədlər üçün yaşamır. Baxın, istənilən variantda vahid namizəd məsələsini həll etmək istəmirlər və etməyəcəklər də. Çünki müəyyən müddətdə bu ideyanı ortalığa ataraq çalışırlar ki, hakimiyyətə müəyyən qədər təpgi göstərib, ondan və yaxud beynəlxalq dairələrdən maddi dəstək əldə etsinlər. Bilirlər ki, vahid namizəd məsələsini ortalığa atandan bir müddət sonra hakimiyyətdən mesaj gəlir ki, bunu etməyin sizə dəstək verək. Ortada böyük alver gedir.
-Son illərdə müxalifətdə kölgə liderlər yetişib. Belə bir gediş, yəni kölgəyə çəkilmək nə dərəcədə effektlidir?
-Dünya siyasətində belə bir praktika yoxdur. Kölgə liderlərinin məqsədi ondan ibarətdir ki, istənilən siyasi məsuliyyətdən yaxalarını bir qədər kənara çəksinlər. Sədr müəyyən addımlar atmalı, qərarlar qəbul etməli, digər təşkilatlarla görüşməli və məsuliyyət daşımalıdır. Amma kölgə lideri heç bir məsuliyyət daşımır və gələcəkdə də siyasi itkiyə məruz qalmır. Lider bir kənarda dayanır, partiyanın sədri danışır – bəzən ağıllı, bəzən də on dəfə ağılsız. Beləliklə, lider bu məsuliyyətdən canını qurtarır. Və sədrə atılan daşlar da liderə dəymir və liderə sərf eləyəndə ortalığa çıxıb bildirir ki, sədr müəyyən qədər səhvlərə yol verib, biz bu yolu tutmamışıq, başqa bir yolu tutmuşuq. Bütün bunlar partiyaların təkcə ideoloji baxımdan deyil, həm də struktur cəhətdən düzgün qurulmamasının nəticəsidir. Dünya praktikasında “partizan liderlər” yoxdur. Yəni bu o deməkdir ki, həmin partiya ideoloji sütunlar üzərində qurulmayıb. Partiyanın sıravi üzvləri partiyanın formalaşmasında gerçək şəkildə iştirak eləmirlər. Bu partiya klassik standartlara uyğun şəkildə fəaliyyət göstərmir, onun məqsədi, fəaliyyət sistemi, ideoloji təməlləri aydın və şəffaf deyil. Bütün bunların səbəbləri buradan qaynaqlanır. Beləliklə, sədr gizlin bunkerinə girərək bir növ özünü həm fiziki, həm də siyasi cəhətdən sığortalayır. Hər hansı bir iclasda bir var ki, ideya ortalığa ekspromt şəkildə atılsın, bir də var ki, lider bir xeyli ölçüb-biçsin və “ağıllı” qərarlar qəbul etsin. Fikir verirsinizmi, siyasi liderlər mətbuatın iştirakı ilə hər hansı məsələ ilə bağlı birbaşa fikir bildirmirlər. Həmişə aşağı səviyyəli adamlar, yəni müavinlər və ya partiyanın onuncu, on birinci adamı məsələlərə münasibət bildirir. Bu müddətdə partiyanın lideri fikirləşir ki, bunu deyim, ya deməyim? Bu ondan irəli gəlir ki, liderdən tutmuş sıravi partiya üzvlərinə qədər onların siyasi proseslərlə bağlı fikirləri ideoloji prinsiplərə söykənmir, necəgəldi danışırlar. Müsavat Partiyası nə istəyir axı? Hansı ideoloji xətti yürüdür? Ölkədə baş verən ictimai-siyasi hadislərlə bağlı və yaxud ümummilli mətləblərlə əlaqəli Müsavatın və ya AXCP-nin Azərbaycan hökumətindən fərqli hansı ideyaları var? Azərbaycan müxalifəti konkret olaraq NATO ilə bağlı hakimiyyətdən fərqli bir ideya ortalığa atırmı? Hakimiyyət deyir ki, NATO-ya qoşulmadan bu qurumun proqramlarında iştirak edir və onunla yaxın əməkdaşlıq edirik. Bəs müxalifət bundan fərqli daha nəsə deyirmi? Konkret heç nə demir. Demirsə və yaxud deməyə potensialı yoxdursa, onda adını niyə müxalifət qoyub? Bunlar nəyin müxalifətidirlər? Kresloda oturanların? Hakimiyyət deyir ki, beynəlxalq təşkilatlarla, transmilli korporasiyalarla münasibətləri genişləndirməliyik və biz bunu da edirik ki, ölkəyə yeni investisiyalar cəlb etmək imkanları yaxşılaşsın. Yaxşı, müxalifət bundan fərqli nəsə deyirmi? Müxalifət deyirmi ki, transmilli şirkətlərin Azərbaycandakı fəaliyyəti ictimai nəzarət altında olmalıdır? Deyirlərmi ki, Xəzərin çirklənməsi ilə bağlı bu transmilli korporasiyalar məsuliyyət daşıyır? Qətiyyən demirlər! Əksinə, müxaliflər gecə-gündüz BP ilə, STATOYL-la nə qədər mümkündürsə, bir o qədər yaxın olmağa çalışırlar ki, onalrın maddi imkanlarından faydalansınlar. Hakimiyyət deyir ki, beynəlxalq maliyyə institutları ilə yaxından əlaqə qurmaq və bununla da ölkənin maliyyə sistemini normallaşdırmaq lazımdır. Bəs müxalifət nə deyir? Müxalifət də gecə-gündüz müxtəlif layihələr hazırlayıb yaratdığı qeyri-hökumət təşkilatları vasitəsilə Dünya Bankından, Beynəlxalq Valyuta Fondundan, donor təşkilatlardan üç-beş manat qrant qoparsın. İstənilən Qərb dövlətinə münasibətdə müxalifət iqtidardan fərqli olaraq nəsə yeni bir baxış və ya münasibət tərzi irəli sürürmü? Deyə bilmədiyi üçün və dedikləri də ideoloji bazadan qaynaqlanmadığı üçün ətrafına auditoriya da toplaya bilmir və getdikcə asılı vəziyyətə düşür. Həm hakimiyyətdən, həm də Qərb ölkələrindən. Belə bir müxalifət cəmiyyəti öz arxasınca apara bilməz.
-Mais müəllim, müxalifətin qarşıdan gələn prezident seçkilərində qazanacağı nə ola bilər? Onun uduş şansı varmı?
-Qətiyyən! İndiki şəraitdə qətiyyən! Müxalifətin prezident seçkilərində iştirak edərək qələbə çalmaq məqsədi yoxdur. Belə bir arzusu var, amma məqsədi yoxdur. Niyə yoxdur? Müxalifət indiki halda başa düşür ki, o məqsədi qarşıya qoymaq tullanaraq Marsa çatmaq qədər əlçatmazdır. Ona görə də məqsədi bu deyil. Bu müxalifətin bir məqsədi var: prezident seçkilərinin yaxınlaşmasından istifadə edərək, ictimai-siyasi durumdan yararlanıb, müxalifətin pərakəndə halından istifadə edib müəyyən qədər maddi cəhətdən dividend əldə etmək. Müxalifətin hazırda yeganə hədəfi budur. Və bu məqsədə çatmaq naminə nə mümkündürsə, onu da edirlər. Müsavat Partiyası başa düşür ki, hakimiyyətə gələ bilməz, mümkün deyil. Deməli, neyləmək lazımdır? Vəziyyətdən sui-istifadə edib bir qədər maddi dividend əldə etmək. Bundan ötrü hansı addımları atmaq lazımdır? Nə qədər mümkündürsə, anca özünü müxalifət kimi təqdim etmək, vahid namizəd ideyası ilə hakimiyyətə təzyiq göstərib bundan faydalanmaq.

Söhbətləşdi: Savalan