Xəbər verdiyimiz kimi, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "prezidenti kimi özünü təqdim edən Bako Saakyan ABŞ-a səfəri və ABŞ konqresinin inzibati binasında qondarma rejimi təbliğ edən tədbir keçirməsi ilə əlaqədar ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta XİN-nə çağırılıb, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ABŞ Dövlət Departamentinə ünvanlandığı etiraz notası ona təqdim edilib.

ABŞ-ın bu addımı Azərbaycanda keçiriləcək 11 aprel prezident seçkilərinə hesablandığı da deyilir.

Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Oruc Unikal.org-a açıqlamasında bildirib ki, bu məsələ ilə bağlı Azərbaycanın ABŞ-a nota verməsi gözlənilən idi:

"Amma hesab etmək lazım deyil ki, bu, qarşıdakı bir ayda keçiriləcək prezident seçkilərinə hədəflənib. Hesab etmirəm ki, ABŞ bu addımı ilə, Azərbaycan dövlətinə təsir göstərmək istəyir və mən buna dar çərçivədə yanaşıram.

Əslində isə ötən 10 illər ərzində biz ABŞ-ın dəyişən hakimiyyətlərinin dəyişilməz bir siyasətinə şahidlik etmişik. Bu da ondan ibarətdir ki, ata Corc Buş hakimiyyətdən gedib, Kilinton gəlib. Yaxud da ki, oğul Corc Buş hakimiyətə gəlib-gedib və bundan sonra Obama dönəmini yaşamışıq. Sözügedən prezidentlər nədənsə hər zaman Dağlıq Qarabağda fəaliyyət göstərən qondarma rejimə müxtəlif adlarda maddi yardım göstəriblər. Bu illər ərzində bunun rəqəm ölçüsü 250 milyon dollardan artıqdır. Bununla belə, ABŞ Ermənistana azadlığa dəstək adı altında 2 milyard dollardan artıq vəsait verib. Sadəcə, xərclənən bu vəsaitin heç bir səmərəsi olmayıb. Demokratiya orada necə çiçəklənib? Əvəzində Sarkisyan və ondan əvvəlki hakimiyyətlər xalqı qəsbkarlıqda saxlayıblar. Bu ilin mart ayında prezident kürsüsünə yenə Armen Sarksiyan gəldi. Dəyişən isə yalnız "üz oldu. Sarkisyanlar hələ də kürsünü əldən vermək istəmirlər.

Deputatın fikrincə, ABŞ-da Qarabağda qondarma rejimi himayə edən mühüm bir qüvvələr var: 

"Sarkisyanlar bu qüvvələrdən bir neçə məqsəd üçün istifadə edirlər. Digər tərəfdən, Ermənistan bu regionda ABŞ-ın mövcudluğuna da şərait yaradır. Qarabağ münaqişəsi ona imkan verir ki, Qafqazda Qərb iştirak etsin. Danışıqlara qatılsın, tərəfləri özündən asılı vəziyyətdə saxlasın. Ermənistan bir nifaq almasıdır və ikincisi Rusiyaya təsir vasitəsidir. ABŞ çalışır ki, Dağlıq Qarabağdan istifadə edib, erməniləri öz tərəflərinə çəksin. 1990-ci ildə insanlar Qorbaçov və yaxud Yelsin hakimiyətinə qarşı hiddətlərini bildirirdilərsə, hazırda çox yazıqlar olsun ki, ABŞ hakimiyyətinə qarşı bu hiddət görülməkdədir. Çox təəssüflər olsun ki, o vaxtkı Rusiyanın məlum siyasətini, hazırda ABŞ-ın ayrı-ayrı dairələri həyata keçirir.

Z.Oruc həmçinin, ABŞ-ın bu cür siyasətini davam etdirərsə, iki ölkə arasında bir sıra məsələlərdə qarşılıqlı əlaqələrin dayana biləcəyi anonsunu da verib:

"İki dövlət arasında münasibətlərdə bir sıra əlaqələr, müqavilələr, tərəfdaşlıq siyasəti üzrə dayana bilər. Baxın, biz eyni davranışı Putin Rusiyasından görmürük. ABŞ və digər ona müttəfiq dövlətlər Rusiyaya qarşı sanksiyaları yalnız Ukrayna üzərindən qurur. Bildirilir ki, Rusiya tərəfdən Ukrayna ərazisinin işğalını qəbul etmirik. Görəsən, Qərb dövlətləri həqiqətən də dünyada bütövlüyün carçısı çıxış edirlər?!. Əgər belədirsə, sözügedən müttəfiq dövlətlər niyə Krımla, Qarabağ münaqişəsində vahid mövqe nümayiş etdirmirlər?.