Milli valyutanın dövriyyəyə buraxılmasından 20 il ötdü
Milli valyutanın dövriyyəyə buraxılmasından 20 il ötdü

Elçibəy hakimiyyətinin buraxdığı iİlk əskinaslar indi kolleksiyalarda saxlanılır

Sovet İttifaqının çökməsi müstəqillik qazanan ölkələrin milli atributlarını yaratmasını labüd etdi. Bu minvalla iqtisadi rəmz, iqtisadi azadlığın nümünəsi olan milli valyuta da yarandı. Azərbaycanda bu əlamətdar gün 1992-ci ilə təsadüf edir. Həmin il avqustun 15-də, ilk dəfə 1, 10 və 25 manatlıq, noyabrında isə 5, 10, 20 və 50 qəpikliklər, dekabr ayında 5 manatlıq əskinas dövriyyəyə buraxıldı. Bundan sonra manatın məzənnəsi zəifləməyə başladı.

Milli valyutanın buraxılması 1 illik Elçibəy hakimiyyətinin ən uğurlu addımlarından biridir. Test sisteminə keçid, rus qoşunlarının Azərbaycandan çıxarılması kimi ölkənin taleyini dəyişən və dəyəri heç nə ilə ölçülməyəcək nailiyyətlərə imza atan Cəbhə hakimiyyətinin ilk milli əskinasları dövriyyəyə buraxması da yalnız iqtisadi deyil, həm də nəhəng siyasi əhəmiyyətə malik idi. Bu, bir növ Azərbaycanın müstəqilliyinin artıq dönməz olduğunun ilk bəyanlarından biri sayılmalıdır.
Yeri gəlmişkən, xatırladaq ki, müsəlman dünyasında ilk demokratik dövlət olan Azərbaycan Cümhuriyyətinin - Azərbaycan Demokratik Respublikasının ilk müstəqil pul emissiyasının tarixi 1919-cu ilin əvvəlində tədavülə buraxılan 25, 50, 100 və 250 manatlıq əskinaslarla başlayır. Əskinasın üz tərəfində Cümhuriyyət, arxa tərəfində isə rus dilində "Azerbaydjanskaə Respublika" ifadələri, əskinasın nominal dəyəri və buraxıldığı tarix göstərilib.
1919-1920-ci illərdə buraxılmış pul vahidlərinin adları Azərbaycan dilində manatla, rus dilində isə rubl ilə verilib. Burada əsas məqsəd uzun illər işlədilən və hələ də dövriyyədə qalan Rusiya pul nişanlarına öyrəşən əhalinin tədricən yeni milli pul vahidinə inamının artırılması idi. Eyni zamanda, Azərbaycan Cümhuriyyətinin bu sahədəki iqtisadi siyasəti milli valyuta - manatın beynəlxalq miqyasda tanınması ilə bağlı olub. Məhz buna görə də Fransa hökumətinin dəstəyini hiss edərək (qismən də fransız dilinin beynəlxalq dil olduğunu nəzərə alaraq), Cümhuriyyət 500 manatlıq əskinasların üzərində Respublikanın və nominalın adlarını fransız dilində də verməyi lazım bilmişdi.
20 il ərzində müxtəlif zaman kəsiklərində milli valyutamıza nəinki dünyada, hətta qonşu ölkələrdə baş verən iqtisadi proseslər də təsirini göstərib. Məsələn, əgər 1992-ci ildə 1 Amerika dolları 14 manata dəyişdirilirdisə, 1993-cü ildə məzənnə 91,5, 1994-cü ildə 1216, 1995-ci ildə isə 4417 manat təşkil etmişdi. Bununla da, milli valyuta 315 dəfə dəyərini itirdi.
1996-ci ildən sonra manat-dollar nisbətində ciddi dəyişkilik baş vermədi. 1999-cu ildə isə Amerika valyutası 3 800 manata qədər ucuzlaşdı. Başqa sözlə, milli pulumuz 15 faiz möhkəmləndi. Sonradan Milli Bankın həyata keçirdiyi sərt pul-kredit siyasətini yumşaltması nəticəsində 1 dollar 4940 manata qədər bahalaşdı. Bu tendensiya 2004-cü ilin sonuna qədər davam elədi. 2005-ci ildə manat dollarla müqayisədə 200 manatdan çox bahalaşdı.
Bir əsr ərzində milli valyutası bir neçə dəfə dəyişən Azərbaycanda 2006-ci ildə də yeni pul vahidi dövriyyəyə buraxıldı. 14 ildən sonra, Milli Bank manatın denominasiyasını həyata keçirdi. Yeni pulların biri 5 min nisbəti ilə buraxıldı. İndi manat Cənubi Qafqazın ən qiymətli valyutası sayılır.
Qeyd edək ki, gələcəkdə Azərbaycanda qiymətli kağızların, eləcə də milli valutamız sayılan manatın ölkəmizdə istehsalını təmin etmək məqsədilə fabrik inşa ediləcək.
Sənan Mirzə