Diktatorların pulları niyə qaytarılmır?
Diktatorların pulları niyə qaytarılmır?

Bu sual birinci dəfə deyil ki, gündəmə gəlir. Hər dəfə daha bir diktator rejimi ömrünü başa vuranda bu sualla qarşılaşırıq. Ona cavab vermək cəhdləri də az olmayıb. Təqdirəlayiq haldır ki, buna daha çox demokratik dünyanın yazı və təhlil adamları cəhd edirlər. Məni isə bu sualı verməyə təhrik edən yaxın vaxtlarda rastlaşdığım bir məlumat oldu. Məlum olub ki, Misir hökuməti elə bu ay Beynəlxalq Valyuta Fondundan 4.8 milyard dollar kredit almaq qərarı ilə çıxış edib.

Hökumətin bu qərarını maliyyə naziri M. El-Saeed açıqlayıb. O, həm də bildirib ki, ölkəsi büdcəni tarazlaşdırmaq üçün ABŞ-dan 500 milyon dollar məbləğində dotasiya almaq da niyyətindədir. İlk baxışda qeyri-adi bir şey yoxdur, ölkə kredit və yaxud da dotasiya almaq istəyir. Bunu hansı ölkə etmir ki? Bütün ölkələrin hökumətləri daim iqtisadi layihələrini və planlarını həyata keçirmək üçün sərfəli kredit axtarışında olurlar. Bir sözlə, burada elə bir qeyri-adilik yoxdur. Amma bu, zahirən belədir. Bir qədər yaxın keçmişə qayıtsaq məsələnin məğzini daha yaxşı başa düşərik. Sabiq Misir prezidenti H. Mubarak’in devrilməsi ərəfəsində belə xəbərlər dolaşdı ki, onun sərvətləri, nə az, nə çox, təxminən 70 milyard dollardır. H. Mübarək rejimi öz ömrünü başa vuran ilk diktatura deyildi. Ona görə də belə təxminlər yarandı ki, bu pullar, yəni 70 milyard sərvət tədricən Misir xalqına və onun seçdiyi hökumətə qaytarılacaq. Əgər bu sərvətin bu vaxta qədər kiçik hissəsi qaytarılsaydı Misir hökuməti indi büdcəni stabilləşdirmək üçün 500 milyon dollar dotasiya axtarışına çıxmazdı. Onu da qeyd edim ki, bu xəbər təkcə H. Mubarak’lə bağlı bəyan edilməmişdi. Liviya diktatoru M. Gaddafinin də sərvətinin 200 milyard dollar civarında olduğu bildirilirdi. Bəli, böyük və nəzarətsiz siyasət həmişə böyük pullar deməkdir. Biz həmişə diktatorlardan danışırıq. Amma bir neçə il bundan əvvəl, Y. Arafat vəfat edərkən bəlli oldu ki, onun da sərvəti 6 milyard dollar dəyərindədir. Demə, “ərəb komendantesi” öz pulları ilə Fələstin Muxtariyyatının pulları arasında bir o qədər də fərq və “ayrı-seçkilik” qoymurmuş. Bəs bu pulların taleyi necə olur? Bununla bağlı bir neçə arqument mövcuddur.

DİKTATORLARIN BƏLKƏ BU QƏDƏR PULU OLMAYIB?

Bəli, ən çox dolaşan arqumentlərdən biri budur ki, diktatorların sərvətlərinin miqyası haqqındakı informasiyalar şişirdilir. Vaxtilə kommunist diktatorları haqqında da deyirdilər ki, onların böyük sərvəti var. Amma nə L. İ. Brejnevin, nə də qiyam yolu ilə devrilən N. Çauşeskonun pulları tapılmadı. Bəlkə bunu H. Mubarak, M. Gaddafiyə də şamil etmək olar? Onu da deyim ki, diktatorlar öz həyatları haqqında mifik təsəvvürlər yaratmağı, özlərinin çox qənaətcil və sadə həyat keçirmələri haqda fikirlər yaymağı sevirlər. M. Gaddafi hətta həyatının son günlərini özü üçün qurduğu çadırda keçirirdi. Amma onların “timsah göz yaşları”na inanmaq olarmı? Güman edirəm ki, yox. Boş yerdən bu qədər böyük ədədlər, məbləğlər söylənilməzdi. Misal var ki, od yanmasaydı tüstü də çıxmazdı.

BU PULLARIN İZİNƏ DÜŞMƏK ASANDIRMI?

Daha bir arqument budur ki, diktatorlar çox fəndgir və hiyləgər olurlar. Bu adamlar öz sərvətlərini çox etibarlı və mürəkkəb üsullarla hifz edirlər. Bunu ciddi arqument kimi qəbul etmək olar. Əlbəttə, heç kim Mübarəki və yaxud da Gaddafini sadəlövh adam hesab etmir, onlar belə olsaydılar 30-40 il ərzində öz ölkələrini idarə etməzdilər. Amma bir nüans var. Diktatura çökən ərəfədə diktatorların hesablarına embarqo qoyulur və bu, bəyan edilir. Belə nəticə çıxır ki, deməli hansısa hesabların diktatorlara məxsus olması heç də mübahisəli deyil, onların maliyyə şəbəkəsi dəqiq məlumdur, əks təqdirdə o hesablara embarqo qoymaq olmazdı. Deməli, bu arqument də reallığı əks etdirmir və siyasi səmimiyyətdən xəbər vermir.

DİKTATORLARIN PULUNU ALMAQ ÜÇÜN YAXŞI HÖKUMƏT SEÇİN!

Bir çox hallarda diktaturaların çöküşü heç də arzu olunan siyasi nəticələrə gətirib çıxarmır. Heç kim dünya və yaxud region üçün hansısa mənalarda təhlükə ola biləcək hakimiyyətləri maliyyələşdirmək istəməz. Mən bu vaxta qədər deyilən arqumentlər arasında ən real arqument kimi bunu qəbul edir və bunun məntiqinə inanıram. Məsələn, İran rejimini götürək. Şah devrildi. Onun sərvəti haqda məlumat yayıldı. Amma şahın əvəzinə kim gəldi? Bəli, Ayətullah Xomeyni! Hansı ölkə və yaxud qurum Xomeyniyə o qədər sərvəti qaytarardı? Təbii ki, heç kim. Ona görə də pulların qayıtması üçün daha bir şərt lazımdır. Diktaturaların devrilməsi hələ birinci mərhələdir. Hamı baxır ki görüm, daha sonra nə olacaq?...

Hüseynbala Səlimov