14 Dekabr 2018
KİVDF jurnalistləri mükafatlandırdı - FOTOLAR
KİVDF 15:41 2018-03-17
  • A

Bu gün  Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi informasiya vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən keçirilən tədbirdə "Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri təltif edilib.

Unikal.org  xəbər verir ki,  tədbirdə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Milli Məclisin sədr müavini Bahar Muradova, Ağsaqqallar Birliyinin sədri Fəttah Heydərov, və digər media nümayəndələri iştirak ediblər.
Tədbir aparıcılar qonaqları salamlayaraq qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edib. Daha sonra isə KİVDF-nin iş fəaliyyətindən, jurnalistlərin, KİV-in potensialından, bu istiqamətdə görülmüş və görüləcək genişmiqyaslı işlərdən danışılıb.
Sonra söz KİVDF -nin sədri Vüqar Səfərliyə verilib. O bildirib ki, fond jurnalistlərin mənzil məişət səviyyəsinin yaxşılaşdırılması üçün layihələr həyata keçirib: "Fondumuz KİV nümayəndələrinə diqqət ayırır. İl ərzində 10-a yaxın belə müsabiqələr keçirilib və 600-ə yaxın jurnalist mükafatlandırılıb. Bu ilin ilk müsabiqəsi Novruz bayramına həsr edilib. Ümumilikdə müsabiqəyə 169 yazı verilib. Müsabiqə nəticələrinə görə, 1-ci yerə 500 AZN, 2-ci yerə 400 AZN, 3-cü yerə isə 300 AZN dəyərində mükafat təyin edilib. Bu gün isə yalnız 1-ci yeri tutan 15 qalibə mükafatları təqdim etmək üçün burda yığışmışıq. "
Prezidentin köməkçisi Əli Həsənov tədbir iştirakçılarını təbrik edib: "Mən hər zaman qeyd edirəm ki, jurnalistlər bu ölkənin ən güclü nümayəndələridir. Qələm əhlinin arasında olmaq çox gözəldi. Siz ölkə daxilində baş verən hadisələri dünyaya işıqlandıran güzgüsüz. Ötən il dövlətin, sosial həyatın, iqtisadiyyatın inkişafına həsr edilmiş çoxsaylı layihələr gerçəkləşdirilib. Cari ildə isə bizi gözəl layihlər gözləyir. Ən mühüm layihə isə 11 aprel seçkilərdi. Artıq seçkiqabagı təbliğat başlayacaq. Bu mövzuda da siz aktiv olmalısınız. Seçkiləri müşahidə edəcək qurumlar öz müşahidələrini, seçkinin şəffaflığını sizlərin vasitəsiylə bütün dünyaya çatdıracaqlar. Bu il həm də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyiyi təntənəli şəkildə qeyd olunacaq. Jurnalistlərimiz bu istiqamətdə həyata keçiriləcək mühüm və əlamətdar layihələri cəmiyyətə çatdıracaqlar. Burada iştirak edən jurnalistlərin timsalında bütün jurnalistləri, təmsil etdikləri KİV orqanları təbrik edirəm. Bu gün respublikamızda jurnalistlərin qorunması, həyat və rifah şəraitinin yaxşılaşdırılması, senzuralardan azad olunması ölkədə medianın nə dərəcədə yüksəkdə olmasının bariz nümunəsidir. Düşünürəm ki, dövlətin sizə olan sədaqətini siz də öz fəaliyyətlərinizlə ona geri qaytaracaqsınız. Arzu edirəm ki, bu il Azərbaycanın işğal altında olan torpaqları azad edilsin".
Daha sonra Əli Həsənov qaliblərə KİVDF-nin diplomlarını təqdim edib.