"Hər bir namizəd seçicilərə fikir və mülahizələrini KİV vasitəsi ilə kütləvi şəkildə çatdırmalıdır. MSK namizədlərin istəyini nəzərə alaraq, televiziyada namizədlərin debatlarının müddətini 21.00-23.00 arasında müəyyənləşdirəcək. Əvvəllər debatlar saat 19.00-da təşkil olunurdu, əhalinin müəyyən hissəsi bu debatlara baxa bilmirdi".

Unikal.org-un məlumatına görə, bunu "Azərbaycan Respublikasının Prezident seçkilərində Kütləvi İnformasiya Vasitələrinin rolu və vəzifələri" mövzusunda keçirilən seminar-müşavirədə Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Ə. Həsənov bildirib ki, KİV-rin rolu prezident seçkilərində iştirak edən namizədlərin roluna bərabərdir: "KİV namizədlər üçün vahid qiymətin, o cümlədən vaxt və yerin ayrılmasını təmin etməlidir. KİV bütün namizədlər üçün bərabər şərait yaratmalıdır. Bu, KİV-in peşəkarlığından və Seçki Məcəlləsinin tələblərindən irəli gəlir. Seçki Məcəlləsinin pozulmamasına xüsusi diqqət yetirilməlidir. KİV-in rolu 3-4 mərkəzdən monitorinq olunacaq, bütün seçki müşahidə missiyaları KİV-də namizədlər üçün yaradılmış şəraiti hesabatlarında qeyd edəcəklər".

Azərbaycan prezidentinin köməkçisi qeyd edib ki, namizədlərdən biri prezidentdir: "KİV-də ölkə prezidentinin cari fəaliyyətinin işıqlandırılması ilə prezidentin təbliği arasında cizgi pozulmamalıdır. Mən KİV-in bu məsələnin öhdəsindən peşəkarlıqla gələcəyinə inanıram. Digər tərəfdən, pullu efir vaxtı ilə bağlı Seçki Məcəlləsinin tələbləri pozulmamalıdır. Bir namizəd üçün müəyyən edilən qiymət, ayrılan vaxt digər namizəd üçün də eyni olmalıdır".(apa)