"Qarşımızda duran əsas vəzifə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Biz bu istiqamətdə həm siyasi, həm diplomatik və digər amillərdən istifadə edərək öz mövqeyimizi danışıqlar prosesində gücləndiririk. Haqq-ədalət bizim mövqeyimizi dəstəkləyir, müdafiə edir".

Unikal.org xəbər verir ki, bunu Prezident İlham Əliyev Mayın 9-da Heydər Əliyev Mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və faşizm üzərində Qələbənin 71 illiyi münasibətilə təşkil edilən rəsmi qəbulda deyib.

Dövlət başçısı bildirib ki, Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır, hüquqi cəhətdən Azərbaycanın ayrılmaz hissəsidir: "Beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələr bizim mövqeyimizi gücləndirir və müdafiə edir.

O ki qaldı, Ermənistan ilə Azərbaycan arasındakı fərqə, bu fərq göz qabağındadır. Mən dəfələrlə demişəm, həm siyasi müstəvidə, iqtisadi sahədə, bütün digər sahələrdə, o cümlədən ordu quruculuğu sahəsində Azərbaycanın üstünlüyünü görməmək mümkün deyil. Aprel döyüşləri onu da göstərdi ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və istənilən vəzifəni icra edə bilər.

Beləliklə, bizim gələcək planlarımızla bağlı çox dəqiq təsəvvürümüz var. Biz ölkəmizi daha da gücləndirməliyik, Azərbaycan xalqının rifah halını daha da artırmalıyıq və dünya miqyasında Azərbaycan daha da möhkəm yer tutmalıdır. Bir sözlə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün əlbəttə ki, beynəlxalq norma və prinsiplər əsas rol oynayır. Amma biz daha da güclü olmalıyıq və bu yolla gedirik. Bu yol Heydər Əliyev yoludur. Biz onun siyasətinə sadiqik, bu yolla gedirik və bundan sonra da gedəcəyik, Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin edəcəyik".